İDMAN
“Avro-2016”: Xorvatiya Çexiya ilə oyunda qələbəni son dəqiqələrdə əldən verib VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də futbol üzrə XV Avropa çempionatında “D” qrupunda yer alan Çexiya və Xorvatiya yığma komandaları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Sent-Etyen şəhərinin “Joffrua Qişar” stadionunda oynanılan görüşü ingiltərəli baş hakim Mark Klattenburq idarə edib.
Oyundan əvvəl komandaların imkanları bərabər qiymətləndirilirdi. Bu matç qrupdakı vəziyyəti müəyyənləşdirmək baxımından prinsipial hesab olunurdu. Xorvatiya ilk turda Türkiyəyə 1:0 hesabı ilə qalib gələrək turnirdə uğurlu start götürmüşdü. Çexiya isə İspaniyaya məğlub olduğundan bu görüşə qrupdan çıxmaq üçün son imkan kimi baxırdı.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ilk hissəsində Xorvatiya yığmasının futbolçularının hücumları matçın 37-ci dəqiqəsində bəhrəsini verib. Sol cinahdan cərimə meydançasına daxil olan İvan Perişiç qapını dəqiq nişan alaraq komandasını hesabda irəli çıxarıb-1:0.
Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan çexiyalı oyunçular qapılarında daha bir qol görüblər. Rəqibi əks-hücumda yaxalayan xorvatlar qarşılaşmanın 59-cu dəqiqəsində hesab arasındakı fərqi artırıblar-2:0. Topu qapıçının başı üzərindən çərçivəyə oyunda fəallığı ilə seçilən İvan Rakitiç yönəldib. Bundan 17 dəqiqə sonra Çexiya millisinin üzvü Milan Skoda başla zərbə ilə hesab arasındakı fərqi azaldıb-2:1. Oyuna əlavə edilən vaxtın 3-cü dəqiqəsində Xorvatiya komandasının üzvü Domaqoy Vidan cərimə meydançasında əllə oynayıb. Hakimin xorvatların qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini Tomas Nesid qola çevirib - 2:2. Oyun bu hesabla yekunlaşıb.
Günün son matçında isə çempionatın favoritlərindən biri hesab edilən İspaniya komandası qardaş ölkənin Türkiyə millisi ilə üz-üzə gələcək. Nitsa şəhər stadionunda keçiriləcək matçı serbiyalı Milorad Maziç idarə edəcək.