İDMAN
“Avro-2016”da erkən final: Almaniya-İtaliya
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də futbol üzrə XV Avropa çempionatının dörddəbir final mərhələsinin üçüncü oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bordo şəhər stadionunda Almaniya və İtaliya yığma komandaları qarşılaşacaqlar. Oyunu macarıstanlı baş hakim Viktor Kassai idarə edəcək.
Çempionatın favoritləri olan hər iki komandanın qarşılaşması Avropa çempionatında erkən final hesab edilir. Almaniya və İtaliya yığma komandaları indiyədək 33 matçda üç-üzə gəliblər. Bu qarşılaşmaların 8-də almanlar, 15-də isə italiyalılar qalib gəliblər. On oyun isə heç-heçə başa çatıb. Ümumi top fərqi də italiyalıların xeyrinədir: 40-49.
Cari çempionatda keçirdiyi beş oyunun dördündə qalib gələn, birində isə heç-heçə edən Almaniya yığma komandası qapısında qol görməyib. İtaliya millisi isə beş oyunun dördündə qələbə qazanıb və yalnız bir oyunda məğlub olub. Apennin təmsilçiləri beş oyunda öz qapılarından cəmi bir top buraxıblar.
Bu oyunda qələbə qazanan komanda yarımfinalda Fransa-İslandiya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
İyulun 6-da Lion şəhər stadionunda keçiriləcək birinci yarımfinal oyununda isə Portuqaliya və Uels yığma komandaları finala vəsiqə uğrunda mübarizə aparacaq.