İDMAN


“Avro-2016”nın təşkilatçıları turnirin ən yaxşı futbolçusunun və rəmzi komandasının adını açıqlayıblar

A+ A

Bakı, 12 iyul, AZƏRTAC 

Fransa hücumçusu Antuan Qrizman futbol üzrə Avropa çempionatının ən yaxşı futbolçusu elan edilib. UEFA-nın mətbuat xidmətinin məlumatına görə, 25 yaşlı idmançı yarışın ev sahibinin komandasına finala çatmaqda kömək edib, 7 oyunda 6 top vurub, 2 qolla nəticələnən ötürmə edib. O, həmçinin qitə birinciliyinin ən yaxşı hücumçusu kimi “Qızıl buts” mükafatına layiq görülüb.

Xatırladaq ki, “Avro-2016”nın finalında Fransa yığması 0:1 hesabı ilə Portuqaliyaya uduzub.

Antuan Qrizmanın qitə birinciliyində ən yaxşı futbolçu olmasını 13 ekspertdən ibarət xüsusi komissiya müəyyən edib. Komissiyanın heyətində Aleks Ferqyuson, Devid Moyes, Savo Miloşeviç, Alen Jires və digər tanınmış mütəxəssislər yer alıb.

Komissiya “Avro-2016”nın rəmzi yığmasını da açıqlayıb. Bu yığmaya Portuqaliyanın eyni vaxtda 4 futbolçusu daxil edilib. Ekspertlər oyunçuları turnirin yarımfinalına çatmış komandalardan seçiblər.

Rəmzi yığmanın heyətinə Ruy Patrisio (Portuqaliya), Pepe (Portuqaliya), Cerom Boatenq (Almaniya), Rafael Qerreyru (Portuqaliya), Coşua Kimmix (Almaniya), Toni Kroos (Almaniya), Co Allen (Uels), Aaron Remzi (Uels), Antuan Qrizman (Fransa), Dimitri Paye (Fransa), Kriştianu Ronaldu (Portuqaliya) daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.