İDMAN


“Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakının loqosu təqdim olunub

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Bakı Olimpiya Stadionunda futbol üzrə 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bakının bu yarışla əlaqədar hazırlanan loqosunun təqdimat mərasimi keçirilib.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, AFFA-nın rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Dünya futbolunun əfsanələrindən olan, “Avro-1988”in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit xüsusi qonaq kimi tədbirə qatılıb.

Tədbirin əvvəlində “Avro-2020”nin ümumi ovqatını əks etdirən “Körpülər şimalı və cənubu, qərbi və şərqi, insanları və mədəniyyətləri birləşdirir” devizi altında videoçarx göstərilib. Sonra çempionatın təşkilatçılarından biri kimi Bakının seçilməsini əks etdirən videomaterial nümayiş olunub.

Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov çıxış edərək “Avro-2020”nin oyunlarının 13 şəhərdə, o cümlədən Bakıda keçirilməsini əlamətdar bir məqam kimi qiymətləndirib. Azərbaycan futbolunun tarixinin ayrı-ayrı dövrləri barədə məlumat verən Yaqub Eyyubov hazırda ölkəmizdə futbolun inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2005-ci ildə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Baş nazirin müavini respublikamızda təkcə futbola deyil, bütövlükdə idmana qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb, Rio Olimpiadasında Azərbaycan idmançılarının qazandıqları nailiyyətlərdən söhbət açıb. Azərbaycanın FIFA və UEFA kimi mötəbər qurumlarla əməkdaşlığının daha da genişlənməsindən məmnunluğunu ifadə edən Təşkilat Komitəsinin sədri əmin olduğunu bildirib ki, “Avro-2020”, o cümlədən Bakıdakı oyunlar yüksək səviyyədə keçiriləcək.

UEFA-nın prezidenti Aleksander Çeferin çıxış edərək Avropa çempionatını təkcə qitədə deyil, dünya miqyasında mötəbər yarış adlandırıb. Bildirib ki, növbəti turnirin oyunlarının 12 ölkədə, 13 şəhərdə keçirilməsi bütün Avropada futbolun daha geniş yayılmasına təkan verəcək. Bu yarış ayrı-ayrı xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirəcək.

Sonra Avropa çempionatının tarixinə nəzər salınıb. İndiyədək keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Ruud Qullit səhnəyə dəvət olunub. O, Avropa çempionatında qələbənin yaratdığı unudulmaz hisslər barədə təəssüratlarını bölüşüb.

Çıxışlardan sonra mərasim iştirakçıları yubiley çempionatının - “Avro-2020”nin oyunlarına ev sahibliyi edəcək şəhərlər haqqında videoçarxa baxıblar.

İncəsənət qruplarının ifasında işıq və musiqi effektlərinin müşayiəti ilə təqdim olunan bədii proqram böyük maraq doğurub.

Mərasimin sonunda akrobatların maraqlı çıxışlarının müşayiəti ilə “Avro-2020”nin loqosu təqdim edilib. Loqonun əsas elementi körpü təsviridir. Bakı şəhərindəki oyunların loqosunda isə Avropa çempionatının kubokunun təsviri fonunda çılğın azarkeşlər, həmçinin Bakı Olimpiya Stadionunun önündəki “Koroğlu” körpüsünün atributları əks olunub.

Diqqətə çatdırılıb ki, bizim körpü yalnız iki sahili, iki küçəni deyil, bütün qitə xalqlarını birləşdirəcək. Bu, gələcəyə atılan körpüdür. “Avro-2020” isə bu körpünü daha da möhkəmləndirməlidir.

Qeyd edək ki, futbol üzrə ilk Avropa çempionatının keçirilməsinin 60 illik yubileyi ilə əlaqədar “Avro-2020”yə 13 şəhər ev sahibliyi edəcək. Bunlar Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqo (Şotlandiya) şəhərləridir.

Bakıda çempionatın dörd - qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyunu keçiriləcək.

Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev çempionatının oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılmasına dair Sərəncam imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.