İDMAN
Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ” və “Qəbələ” komandalarının rəqibləri müəyyənləşib
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-də Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan klubların püşkatma mərasimi keçirilib. Bununla da Avroliqada mübarizəni davam etdirən 48 komandanın yer aldığı qrupların tərkibi məlum olub. Bu klublar hər birində dörd komanda olan 12 qrupda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə görə Azərbaycanı təmsil edən “Qarabağ” komandası “J” qrupunda “Tottenhem (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa), “Qəbələ” isə “C” qrupunda “Borussiya” (Dortmund, Almaniya), “PAOK” (Yunanıstan), “Krasnodar” (Rusiya) kollektivləri ilə qarşılaşacaq.
UEFA Avropa Liqasında çıxış edəcək 48 komanda aşağıdakı qruplarda mübarizə aparacaq:
“A” qrupu: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya), “Fənərbağça” (Türkiyə), “Molde” (Norveç).
“B” qrupu: “Rubin” (Rusiya), “Liverpul” (İngiltərə), “Bordo” (Fransa), “Sion” (İsveçrə).
“C” qrupu: “Borussiya” (Dortmund, Almaniya), “PAOK” (Yunanıstan), “Krasnodar” (Rusiya), “Qəbələ” (Azərbaycan).
“D” qrupu: “Napoli” (İtaliya), “Brügge” (Belçika), “Legiya” (Polşa), “Midtyulland” (Danimarka).
“E” qrupu: “Vilyarreal” (İspaniya), “Viktoriya” (Çexiya), “Rapid” (Avstriya), “Dinamo” (Minsk, Belarus).
“F” qrupu: “Olimpik” (Marsel, Fransa), “Braqa” (Portuqaliya), “Slovan” (Çexiya), “Qroningen” (Hollandiya).
“G” qrupu: “Dnepr” (Ukrayna), “Latsio” (İtaliya), “Sent Etyen” (Fransa), “Rosenborq” (Norveç).
“H” qrupu: “Sportinq” (Portuqaliya), “Beşiktaş” (Türkiyə), “Lokomotiv” (Rusiya), “Skenderbeu” (Albaniya).
“I” qrupu: “Bazel” (İsveçrə), “Fiorentina” (İtaliya), “Lex” (Polşa), “Belenenseş” (Portuqaliya).
“J” qrupu: “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa), “Qarabağ” (Azərbaycan).
“K” qrupu: “Şalke” (Almaniya), “Apoel” (Kipr), “Sparta” (Çexiya), “Asteras” (Yunanıstan).
“L” qrupu: “Atletik” (İspaniya), “Alkmaar” (Hollandiya), “Auqsburq” (Almaniya), “Partizan” (Serbiya).
Dairəvi sistemlə iki dövrədə keçiriləcək Avropa Liqasının qrup mərhələsinin oyunlarına sentyabrın 17-də start veriləcək. Komandalar növbəti matçlarını oktyabrın 1-də, 22-də, noyabrın 5-də, 26-da və dekabrın 10-da keçirəcək. Qruplarda ilk iki sırada yer alan komandalar növbəti - 1/16 final mərhələsinə yüksələcək.
Avroliqanın 2015-2016-cı il mövsümünün final qarşılaşması mayın 18-də İsveçrənin Bazel şəhərindəki “San-Yakob Park” stadionunda təşkil ediləcək.
UEFA Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan “Qarabağ” həmin mərhələdə Monteneqronun “Rudar” komandasını yarışdan kənarlaşdırmışdı. Üçüncü təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandasına uduzan Azərbaycan çempionu mübarizəni UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində davam etdirməli olub. Bu mərhələdə isə Ağdam təmsilçisi İsveçrənin “Yanq Boyz” kollektivini üstələyərək tarixində ikinci dəfə turnirin qrup mərhələsinə yüksəlib.
“Qəbələ” komandası isə Avroliqa turnirinin təsnifat mərhələlərində Gürcüstanın “Dinamo”, Serbiyanın “Çukariçki”, Kiprin “Apollon”, pley-off mərhələsində isə Yunanıstan “Panatinaikos” klublarını mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə olaraq UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinə vəsiqə qazanıb.