ELM VƏ TƏHSİL
Avropa Azərbaycan Məktəbində yazıçı Anarla görüş
Bakı, 9 dekabr, AZƏRTAC
Avropa Azərbaycan Məktəbində (AAM) şagirdlərin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar ilə görüşü keçirilib.
AAM-dən AZƏRTAC-a bildiriblər ki, məktəbin 2016-2017-ci dərs ili üzrə illik planlaşdırmasında nəzərdə tutulmuş “Yazıçı ilə görüş” çərçivəsində keçirilən görüşün təşəbbüsçüsü və təşkilatçısı bu təhsil ocağının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimləri olublar. Tədbirə hazırlaşarkən məktəbin şagirdlərinin rəyi də nəzərə alınıb və onların istəyi ilə görüşə yazıçı Anar dəvət edilib.
Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı kafedrasının rəhbəri Hüseyn Şahbəndəyev tanınmış yazıçı ilə görüşün əhəmiyyətini qeyd edib.
Məktəbin 9 a sinfinin şagirdi Şahanə Rzayevanın ingilis dilində çıxışından sonra Azərbaycan dili və ədəbiyyatı müəllimi Turan Zəkəriyəyeva yazıçının yaradıcılığındakı səmimiyyətdən danışıb, “Sizsiz” romanı haqqında məlumat verib. Şagirdlərdən Fatimə Abbasovanın Azərbaycan dilində, Məryəm Əliyevanın isə rus dilində çıxışları qonaqların və şagirdlərin alqışları ilə qarşılanıb. Ədibin “Yaxşı padşahın nağılı” əsəri əsasında 6-7-ci sinif şagirdləri tərəfindən təqdim edilən səhnəcik həm əsərin bədii dərki, həm də şagirdlərin yaradıcılıq qabiliyyətlərinin nümayişi baxımından olduqca maraqlı təsir bağışlayıb.
Tədbirdə yazıçının çoxcəhətli fəaliyyətini əks etdirən filmlərdən fraqmentlərin nümayişi Anarın kinodramaturq və ssenarilər müəllifi kimi yaradıcılığı barədə şagirdlərin təəssüratlarını genişləndirib.
Sonra məktəbin musiqi müəllimi Şəfiqə Həsənovanın Anarın sözlərinə yazdığı “Taksi” mahnısının müğənni İlqar Muradovun ifasında videoyazısı nümayiş olunub. Ş.Həsənova mahnının diskini yazıçıya hədiyyə edib.
Daha sonra yazıçı Anar şagird və müəllimlərin suallarını cavablandırıb.
Açıq dərs formatında keçirilən görüşü məktəbin insan resursları və ictimaiyyətlə əlaqələr üzrə direktoru Amalya Sezgin yekunlaşdırıb. O, məktəbdə təhsil alan şagirdlərə bu anları yaşatdığı üçün qonağa minnətdarlığını bildirib.
Sonda yazıçı Anar məktəbin “Xalçaçılıq” klubunda şagirdlər tərəfindən toxunmuş xalçalarla tanış olub. Bu xalçalardan biri qonağa hədiyyə edilib.