CƏMİYYƏT


Avropa Azərbaycan Məktəbinin şagirdləri Antalyada keçirilən VIII Beynəlxalq Olimpiadada qızıl və gümüş medallar qazanıblar

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC 

Oktyabrın 30-dan noyabrın 6-dək Türkiyənin Antalya şəhərində məktəblilər və tələbələr arasında VIII Beynəlxalq Olimpiada keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, olimpiada Rusiya Federasiyasının Antalyadakı baş konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunub.

Olimpiada III-XI sinif şagirdləri və tələbələr arasında riyaziyyat, rus dili, ingilis dili, türk dili, coğrafiya, fizika, kimya, biologiya, təsviri incəsənət və ümumi tarix fənləri üzrə keçirilib.

Olimpiadada Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkiyə dövlətlərinin 20 məktəbini təmsil edən 200-dən çox şagird iştirak edib. Azərbaycanı bu olimpiadada beş məktəbdən - Avropa Azərbaycan Məktəbi, Akademik Zərifə Əliyeva adına Lisey, Bakı Modern Məktəbi, Bakı şəhəri 27 saylı və 220 saylı orta məktəblərindən olan 72 şagird təmsil edib. Avropa Azərbaycan Məktəbi olimpiadada VI-X siniflərdən olan 12 şagirdlə təmsil olunub.

Riyaziyyat fənni üzrə olimpiadaya qatılan doqquz şagirddən üçü yer tutub. Onlardan biri qızıl (Fərid Alməmmədov, X sinif), biri gümüş (Aliyə Xudiyeva, IX sinif), biri isə bürünc (Murad Məhərrəmov, IX sinif) medal qazanıb. Coğrafiya fənni üzrə olimpiadaya qatılan altı şagirddən dördü yer tutub. Onlardan ikisi gümüş (Aslan İbadov, VIII sinif, Məryəm Əliyeva, VII sinif), ikisi isə bürünc (Camal Mani, VIII sinif, Nicat Əlisoy, VI sinif) medal qazanıb. Fizika fənni üzrə olimpiadaya qatılan Murad Məhərrəmov (IX sinif) gümüş, Fərid Alməmmədov (X sinif) bürünc, təsviri incəsənət fənni üzrə olimpiadaya qatılan Aydan Alimzadə (VIII sinif) gümüş, türk dili fənni üzrə olimpiadaya qatılan Aliyə Xudiyeva (IX sinif) bürünc, biologiya fənni üzrə olimpiadaya qatılan Cəmil Rzayev (VII sinif) qızıl medal qazanıblar. Bütün iştirakçı şagirdlər ingilis dili fənni üzrə olimpiadaya qatılıblar. Onlardan biri qızıl (Camal Mani, VIII sinif), üçü gümüş (Fidan Məhərrəmova, VI sinif, Məryəm Əliyeva, VII sinif, Aydan Alimzadə, VIII sinif), ikisi isə bürünc (Cəmil Rzayev, VII sinif, Fərid Alməmmədov, X sinif) medal qazanıb. Məktəbin şagirdləri komanda hesabında ingilis dili fənni üzrə ikinci yerə çıxmaqla kuboka sahib olublar. Ümumilikdə isə olimpiadada 10 şagird 19 medal qazanıb. Bunlardan üçü qızıl, səkkizi gümüş, səkkizi isə bürünc medaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.