SİYASƏT
“Avropa Demokratiya və İnsan Haqları” Fondu Azərbaycan nümayəndəliyi dinc sakinlərin qətlə yetirilməsini qətiyyətlə pisləyir
Bakı, 6 iyul, AZƏRTAC
“Avropa Demokratiya və İnsan Haqları” Fondu Azərbaycan nümayəndəliyinin Ermənistan ordusu tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsi ilə bağlı bəyanat yayıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, “Avropa Demokratiya və İnsan Haqları” Fondunun Azərbaycan nümayəndəliyinin rəhbərliyi iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş vermiş hadisə ilə bağlı, iyulun 5-də Alxanlı kəndində olaraq yerli sakinlərlə görüşüb və vəziyyətlə yerində tanış olublar.
Bəyanatda deyilir: “Dərin təəssüf hissi ilə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa məhəl qoymadan cəbhə xəttində gərginlik yaratması, xüsusilə dinc sakinləri hədəfə almaqla insan haqlarını kobud sürətdə pozmasına gətirib çıxarır. Erməni silahlı birləşmələrinin iyulun 4-də mülki şəxslərin yaşadığı Füzuli rayonunun Alxanlı kəndi ərazilərinə atəş açması, dinc və günahsız insanların öldürülməsi danışıqlar prosesinin davam etdirilməsi üçün ciddi təhdid və davamlı sülhə təhlükədir.
ATƏT-in monitorinq qrupunun qoşunların təmas xəttinə səfərindən dərhal sonra baş verən insident nəticəsində biri azyaşlı uşaq olmaqla, 2 nəfər kənd sakininin öldürülməsi Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn prinsiplərinə, qəbul edilmiş beynəlxalq normalara, bütün növ anlaşmalara və ümumiyyətlə, insanlığa qarşı zorakı münasibətidir.
“Avropa Demokratiya və İnsan Haqları” Fondunun Azərbaycan nümayəndəliyi Alxanlı kəndində baş vermiş hadisəni pisləyir, münaqişənin sülh yolu ilə həllinə çağırış edən BMT Təhlükəsizlik Şurasını, ATƏT-in Minsk qrupunu, AŞPA-nı, Avropa İnsan Haqları Məhkəməsini, Avropa Parlamentini və beynəlxalq institutları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin qətlə yetirməsi faktlarına səssiz qalmamağı, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyə səsləyir”.