CƏMİYYƏT
Avropa Gənclər Kartı Assosiasiyasının direktoru Bakıda bir sıra görüşlər keçirib
Bakı, 25 iyun, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) direktoru Manel Sançez Gənclər və İdman Nazirliyində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) bir sıra görüşlər keçirib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyində keçirilən görüşdə qonağa Azərbaycan Tələbə Kartı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, kartın daha çox tələbəyə çatdırılması üçün işlər sürətlə davam etdirilir. Kart üçün qeydiyyat, endirimlərin şamil olunduğu məkanlar barədə məlumat verilərkən diqqətə çatdırılıb ki, hazırda 15 minə yaxın tələbə kart sahibidir və onlar bütün imkanlardan rahat istifadə edirlər. Bundan başqa, 20 mindən çox tələbə Azərbaycan Tələbə Kartı əldə etmək üçün qeydiyyatdan keçib.
M.Sançez Assosiasiyanın sonuncu yubiley assambleyasında azərbaycanlı gənc Faiq Məmmədovun doqquz nəfərdən ibarət idarə heyətinə üzv seçildiyini xatırladıb. O, bu ildən etibarən Azərbaycan Tələbə Kartının yeni dizaynda təqdim olunmasını və daha rahat qeydiyyat sisteminin yaradılmasını təqdir edib.
EYCA direktorunun ATGTİ-də gənclərlə görüşündə təşkilatın fəaliyyəti, görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verilib. Təqdimat zamanı ATGTİ-nin fəaliyyəti dövründə 600-dən çox irimiqyaslı yerli və beynəlxalq layihə reallaşdırdığı bildirilib, Azərbaycan Tələbə Kartının qeydiyyat prosesi nümayiş olunub.
M.Sançez Avropa Gənclər Kartının beynəlxalq təcrübəsindən danışıb. Qonaq Avropadan fərqli olaraq, Azərbaycanda bu kartın tələbələrə tamamilə pulsuz verilməsini müsbət təcrübə kimi xüsusi vurğulayıb.
Görüşlərdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səmərəli müzakirələr aparılıb.