CƏMİYYƏT
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin VII hesabat-seçki konfransı keçirilib
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin (ELSA Azərbaycan) VII hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda təşkilatın birillik fəaliyyəti barədə hesabat verilib.
ELSA Azərbaycanın həmtəsisçisi Kamal Cəfərov çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, ELSA-Azərbaycan dövlətçiliyə sadiq olan yüksək intellektli gənc hüquqşünas tələbələri sıralarında birləşdirir. O, ELSA Azərbaycanın fəal təşkilatlarından biri olduğunu, qurumun Azərbaycanın xarici ölkələrdə təmsilçilik məsələlərində və gənc hüquqşünasların inkişafında böyük rol oynadığını vurğulayıb.
ELSA Azərbaycanın prezidenti Məhəmməd İsmayılov isə təşkilatın birillik fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, təşkilat hüquq ixtisası üzrə təhsil alan tələbələrdən 150-dən çoxunun Avropada keçirilən beynəlxalq seminar və konfranslarda iştirakını təmin edib. Bu müddətdə səhnələşdirilmiş məhkəmə prosesləri, ELSA forumları, tələbələr arasında hüquq Olimpiadası və gənc hüquqşünaslar üçün təlimlər və s. genişmiqyaslı layihələr həyata keçirilib.
M.İsmayılov qeyd edib ki, ELSA-nın sonuncu Beynəlxalq Şura Toplantısında ELSA Azərbaycanın idarə heyətinin üzvü Nərmin Əliyeva beynəlxalq qurumun baş katibi seçilib.
Sonra namizədlərin platformaları dinlənilib, idarə heyətinin tərkibinə seçkilər keçirilib.