ELM VƏ TƏHSİL
Avropa İttifaqı Azərbaycanda 19 milyon avroluq təhsil proqramı həyata keçirəcək
Bakı, 12 fevral, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində əsas prioritet sahələrdən biri də təhsil sahəsidir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə büdcəsi 19 milyon avro məbləğində olan yeni proqram həyata keçiriləcək. Üç illik dövrü əhatə edəcək bu layihədə əsas diqqət peşə təhsili və təlimi sahəsinə yönələcək.
AZƏRTAC verir ki, bunu jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib.
O bildirib ki, həmçinin Azərbaycandakı ali təhsil sahəsini Avropa məkanına daha da uyğunlaşdırmaq üçün ali təhsil sahəsində tvinninq layihəsinə başlanılıb.
Malena Mard “ADA” Universiteti ilə işlədiklərini, orada Avropa İttifaqı ilə bağlı mərkəzin olduğunu söyləyib. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ölkəmizin “Erasmus” və “Erasmus+” təhsil proqramında daha çox iştirak etdiyini vurğulayıb.
Bundan əlavə, Malena Mard məktəbəqədər müəssisələrin inkişafı sahəsində da yardım göstərməyi planlaşdırdıqlarını söyləyib. Həmçinin, əlilliyi olan uşaqların təhsilə çıxışının təmin edilməsi ilə bağlı layihə həyata keçirmək istədiklərini qeyd edib.