CƏMİYYƏT
Avropa İttifaqı Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə dəstək verir
Bakı, 27 iyul, AZƏRTAC
Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa İttifaqının bu sahədə mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılması məqsədilə Avropa İttifaqının tərəfindən Tvinninq layihəsinə start verilib. Layihəyə əsasən, iki il ərzində Avropa ölkələrinin mütəxəssis və ekspertləri qabaqcıl təcrübəyə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəklər.
Bu barədə AZƏRTAC-a agentlikdən bildirilib.
Layihə çərçivəsində Agentliyin institusional imkanlarının artırılmasına, hüquqi bazanın möhkəmləndirilməsinə, icbari tibbi sığortanın maliyyə alətlərinin formalaşdırılmasına, tibbi xidmətlərin satınalınmasına, baza zərfinin strukturuna və əhatə dairəsinə, tariflərin hesablanmasına, habelə informasiya texnologiyaları sisteminin düzgün qurulmasına dair ixtisaslaşmış ekspert məsləhət və rəylərinin verilməsi planlaşdırılır.
Bu layihə icbari tibbi sığortanın tətbiqində və islahatların aparılmasında böyük rol oynayacaq.