İQTİSADİYYAT
Avropa İttifaqı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə dəstək məqsədilə 13,5 milyon avro ayırıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə dəstəyi davam etdirməyi nəzərdə tutan yardım paketini açıqlayıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, 13,5 milyon avro məbləğində fond əsas hökumət idarələrini yardımla təmin edərək kiçik və orta biznesin rəqabət qabiliyyətinin artırılmasını və ixrac imkanlarının genişləndirilməsini, həmçinin biznes mühitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayacaq.
Texniki Əməkdaşlıq İmkanı proqramı kiçik və orta biznesin rəqabət qabiliyyətinin və ixrac fəaliyyətlərinin artırılması və nəticə etibarilə ölkənin qeyri-neft ümumi daxili məhsulunun artımı və iş yerləri açmaq imkanını yüksəltməyi hədəf götürəcək, müəssisələrin müasirləşməsini, həmçinin tənzimləyici və operativ mühiti dəstəkləyəcək. Proqram bacarıqların və sahibkarlığın gələcək inkişafı, maliyyə və beynəlmiləlləşdirməyə keçid üçün səriştənin yaradılmasını diqqət mərkəzində saxlayacaq.
Bu təşəbbüs, həmçinin mübahisələrin alternativ həlli yollarını təqdim edəcək ki, bu da öz növbəsində biznes mühitinin inkişafına töhfə verəcək.
Bununla yanaşı, proqram Azərbaycandakı əsas maliyyə institutlarının dövlət xərcləri və gəlir yığımının səmərəliliyinin inkişafını dəstəkləyəcək.
Bu yardım paketi Aİ və Azərbaycanın bir neçə əməkdaşlıq sahəsində irəliləmək istəyini təsdiqləyir və yeni ikitərəfli sazişin gələcək müzakirələrini dəstəkləyəcək.