İQTİSADİYYAT


Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır

Bakı, 16 may, AZƏRTAC

Yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5090,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3578,1 milyon dollar, idxalın dəyəri 1512,8 milyon dollar təşkil edib, nəticədə 2065,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,6 faiz artıb, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 9,2 faiz, idxal 27,3 faiz azalıb.

Ticarət dövriyyəsinin 39,1 faizi Avropa İttifaqı ölkələri, 11,8 faizi MDB üzvü dövlətləri, 49,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 20,7 faizi İtaliyaya, 11,8 faizi Türkiyəyə, 6,9 faizi Portuqaliyaya, 6,5 faizi Tayvana (Çinin əyaləti), 5,7 faizi İsrailə, 4,8 faizi Çinə, hər biri 4,5 faiz olmaqla Almaniya və Hindistana, 4,1 faizi Gürcüstana, 3,8 faizi Fransaya, 3,6 faizi Kanadaya, qalan 23,1 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,7 faizi Rusiyanın, 16,1 faizi Türkiyənin, 9,8 faizi Çinin, hər biri 4,9 faiz olmaqla Almaniya və ABŞ-ın, 4,4 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 3,7 faizi Birləşmiş Krallığın, 3,2 faizi İranın, 2,1 faizi Braziliyanın, 1,9 faizi Hindistanın, 25,2 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-mart aylarında 264,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 9,1 faiz, real ifadədə isə 7,0 faiz çoxdur.

Yanvar-mart aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 58,4 faiz, təzə tərəvəz – 95,0 faiz, tütün – 35,4 faiz, çay – 44,4 faiz, meyvə və tərəvəz şirələri – 47,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 16,3 faiz, meyvə və tərəvəz konservləri – 27,6 faiz, kartof – 33,5 faiz, polietilen – 0,4 faiz, pambıq lifi – 6,6 dəfə, bentonit gili – 3,4 dəfə artıb, şəkər ixracı isə 3,5 faiz, bitki yağları – 14,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 43,8 faiz, emal olunmamış alüminium – 29,0 faiz, qara metallardan borular – 17,8 faiz, pambıq ipliyi – 20,1 faiz, qara metallardan yarımfabrikatlar – 93,1 faiz azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-mart aylarında xam şəkər və şəkər idxalı 94,7 faiz, təzə meyvə – 13,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 24,2 faiz, quş əti və onun əlavə məhsulları – 2,5 dəfə, mal əti – 54,0 faiz, polad prokatı – 24,9 faiz, mebel – 87,1 faiz, rezin şinlər – 78,8 faiz, hesablama maşınları, blok və qurğuları – 2,0 dəfə, mineral gübrələr – 4,2 dəfə, qara metallardan künclüklər ¬– 23,7 faiz, paltaryuyan maşınlar – 90,3 faiz, yük avtomobilləri – 2,0 dəfə, məişət kondisionerləri – 4,5 dəfə, avtobuslar – 31,6 faiz artıb, buğda idxalı isə 2,7 faiz, bitki yağları – 35,1 faiz, kartof – 20,7 faiz, çay – 3,5 faiz, təzə tərəvəz – 24,0 faiz, minik avtomobilləri – 4,0 faiz, qara metallardan borular – 73,6 faiz, qara metallardan çubuqlar – 20,3 faiz, polietilen – 36,0 faiz, sement və sement klinkerləri – 91,8 faiz, məişət soyuducuları – 68,1 faiz azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.