İQTİSADİYYAT
Avropa İttifaqı Azərbaycanla INOGATE regional enerji proqramı çərçivəsində fəal əməkdaşlıq edir
Bakı, 17 iyul (AZƏRTAC. Xatirə Cəfərova). İyulun 17-də Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən INOGATE regional enerji proqramı çərçivəsində Aİ və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbir Azərbaycan Respublikası Energetika Nazirliyinin və INOGATE texniki katibliyinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynov, layihənin rəhbəri Federiko Berna Azərbaycanda bu sahədə görülən işlərin nəticələrindən, həmçinin yaxın zamanda Aİ tərəfindən göstəriləcək köməyin əsas istiqamətlərindən danışdılar. Qeyd olundu ki, İNOGATE Aİ, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında enerji sahəsində ən uzun tarixə malik texniki əməkdaşlıq proqramıdır. Azərbaycan 1996-ci ildən İNOGATE-in tərəfdaş ölkəsidir və bu proqram üzrə həyata keçirilmiş 89 layihənin 33-dən faydalanmışdır. Regional proqram enerji sektorunun müxtəlif sahələrində Azərbaycanı dəstəkləməkdə davam edir. Proqram çərçivəsində Aİ prinsipləri əsasında enerji təhlükəsizliyi möhkəmləndirilir, enerji layihələrinə investisiyalar cəlb olunur.
Sonra tədbir işini sessiyalarda davam etdirdi. Enerji resurslarının inkişafı, energetika statistikası, energetika siyasətində standartların səmərəliliyin artırılması ilə bağlı məruzələr dinlənildi. Həmçinin Azərbaycanın enerji sektorunun aktual problemləri və gələcək planlar müzakirə edildi.
Sonda iştirakçıların proqramla bağlı sualları cavablandırıldı.