DÜNYA
Avropa İttifaqı İsrailin təcrübəsini öyrənir
Berlin, 20 iyul, AZƏRTAC
Avropa İttifaqı (Aİ) təkbaşına hərəkət edən terrorçuları onların internetdəki fəallığına görə üzə çıxarmaq üçün İsrailin sosial şəbəkələrin targetinq üsulu ilə monitorinqi texnologiyalarına maraq göstərir.
Bu barədə məlumatı “Reuters” agentliyi Aİ-nin terrorizmə qarşı mübarizə məsələləri üzrə əlaqələndiricisi Jil de Kerşova istinadla yayıb.
Jil de Kerşovun sözlərinə görə, “İsraildə kiberməkan sahəsində böyük imkanlar yaradılıb”. İsrailin təhlükəsizlik xidmətləri əvvəllər diqqəti metaməlumatların işlənməsi üzərində cəmləyirdilərsə, terrorçular küçələrdə insanlara hücum edəndən sonra planlaşdırılan terror aktları haqqında informasiyanı axtarmaq üçün sosial şəbəkələrin təhlilinə istiqamətləniblər.
Tel-Əvivdə kəşfiyyat xidmətləri və xüsusi təyinatlı qüvvələrin II Beynəlxalq konfransında (IT&SF) iştirak edən Jil de Kerşov deyib ki, heç bir qruplaşma ilə əlaqəsi olmayan, sadəcə ideyalardan ruhlanan və bir növ sadiqliyini ifadə etməyə yenicə başlayan potensial terrorçunun izini aşkar etmək asan deyil.
İnternet provayderləri belə izləri axtarmaq üçün trafikin monitorinqindən yayınırlar: avtomatik müəyyən edilən uşaq pornoqrafiyasından fərqli olaraq, ucu-bucağı görünməyən materialdan lazımi məlumatları üzə çıxarmaq çətindir. Jil de Kerşov sosial şəbəkələrin təhlilinin avtomatlaşdırılacağına ümid bəsləyir. Ancaq Avropanın vətəndaş hüquqları standartları İsrail standartlarından fərqlənir, daha çox qeyri-rəsmi sahəyə diqqət yetirir. Bu da belə texnologiyaların tətbiqini çətinləşdirir.
Konfransda çıxış edən israilli hərbi ekspert məlumatların işlənməsi texnologiyasının miqyasını və dəqiqliyini izah edərək deyib ki, targetinq üsulu ilə monitorinq internet istifadəçilərini üç qrupa ayırmağa imkan verir: “Qara” – ilk qrupdur, “Boz” diqqəti xüsusi cəlb edənlər qrupudur. “Ağ” qrupuna daxil edilənlərin davranışı o qədər şübhə doğurur ki, polis yoxlamasını labüd edir. “Qaraların” təqribən bir milyon nəfər olması təxmin edilsə, onda “bozların” sayı təxminən 20 min, “ağların” sayı isə 10-15 min adam arasında ola bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin