DÜNYA
Avropa İttifaqı Parisdən 1,07 milyard avronu qaytarmağı tələb edir
Bakı, 28 yanvar, AZƏRTAC
Avropa Komissiyası əvvəlcə Fransa hakimiyyətindən 3,5 milyard avronu qaytarmağı tələb etsə də, sonradan daha az - 1,07 milyard avro ilə razılaşıb. Bu məbləğ Parisin 2008-ci ildən 2012-ci ilə qədər Brüsseldən aldığı vəsaitin 2 faizidir.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) tələbinə görə, bu vəsait 2017-ci ilin sonunadək 3 mərhələdə qaytarılmalıdır. Eyni tələb Aİ-nin 15 ölkəsinə ünvanlansa da, onların arasında ən çox paya Fransa sahibdir. Bununla yanaşı, Fransa subsidiya təqdim olunan fermerlərin ərizələrini lazımi dərəcədə yoxlamadığına görə cəriməyə də məruz qalıb.
Bir qədər əvvəl alma və armud istehsalçılarına dəstək məqsədi ilə Brüsselin bu sahəyə maliyyə yardımı üçün nəzərdə tutulmuş 125 milyon avrodan 82 milyon avro ayırdığı məlum olub. Noyabr ayında isə Böyük Britaniyada armudun qiyməti 2013-cü ilin analoji dövrü ilə müqayisədə təxminən 30 faiz ucuzlaşıb.
Aİ ölkələrinin fermerləri Rusiyanın Avropa İttifaqından idxal olunan meyvə və tərəvəzə tətbiq etdiyi embarqo səbəbindən problemlərlə üzləşən kənd təsərrüfatı istehsalçılarının zərərinin kompensasiyası üçün 125 milyon avrodan yalnız 37 milyon avro tələb ediblər.