DÜNYA
Avropa İttifaqı ilə Türkiyə arasında vizaların ləğvi məsələsi müzakirə edilib
Berlin, 30 noyabr, AZƏRTAC
Avropa İttifaqı və Türkiyə Brüsseldə keçirilən fövqəladə sammitdə Avropaya qaçqınlar axınının azaldılmasına dair plan razılaşdırıblar. Görüşün yekunlarına dair açıqlanan birgə bəyanatda deyilir ki, bunun üçün Brüssel Ankaraya 3 milyard avro ödəyəcək. Həmin vəsait Suriya və İraqdan olan miqrantların ehtiyaclarına xərclənəcək.
Danışıqlarda Avropa İttifaqı və Türkiyə arasında viza rejiminin ləğv edilməsi məsələsi də müzakirə edilib. Avropa Komissiyasının başçısı Jan-Klod Yunker deyib ki, Türkiyə vətəndaşları Şengen zonasına 2016-cı ilin payızında azad gedib-gələ biləcəklər. Bunun üçün Ankara bütün zəruri şərtlərə, o cümlədən sığınacaq almaq hüququ olmayan və üçüncü ölkələrdən gələn qeyri-leqal miqrantların Aİ-dən Türkiyəyə göndərilməsini nəzərə tutan readmissiya haqqında sazişə əməl etməlidir. Bundan əlavə, Brüssel Türkiyənin Aİ-yə qəbulu prosesini sürətləndirməlidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüusi müxbiri
Berlin