İQTİSADİYYAT
Avropa İttifaqı qitənin enerji infrastrukturuna 263 milyon avro vəsait ayıracaq
Bakı, 16 iyul, Nihad Budaqov, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının qitənin əsas enerji infrastruktur layihələrinə 263 milyon avro vəsait ayrılması təklifi ilə razılaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyası rəsmi saytında məlumat verilir. Bildirilir ki, həmin vəsaitin əsas hissəsi Baltik dənizi regionunda qaz infrastrukturunun tikintisinə, həmçinin Avropa üzrə elektrik sektoruna yönəldiləcək. Bunun üçün ümumilikdə 9 layihə seçilib.
Qaz sektorunda ayrılan qrant Estoniya və Finlandiya arasında ilk ikiyönlü sualtı qaz kəmərinin - Baltikkonnektorun tikintisini əhatə edəcək. Bu layihəyə Aİ-nin maliyyə dəstəyi 187,5 milyon avro olacaq. İnterkonnektorun istifadəyə verilməsi Finlandiyanın vahid qaz təchizatçısından asılılığına son qoyacaq.
Elektrik enerjisi sektoru üzrə layihələrə isə Bolqarıstanda Dobruca və Burqaz arasında yeni 100 kilometrlik elektrik xəttinin çəkilişi daxildir. Avropa İttifaqı bu layihəni 29,9 milyon avro ilə dəstəkləyəcək. Layihələri başlamaq üçün lazım olan araşdırmalar da dəstəklənəcək. Bura Baltik ölkələrinin elektrik sisteminin təhlükəsiz və etibarlı istismarı üçün texniki tələblərin müəyyən edilməsinə hazırlıq çalışması da daxildir. Aİ bu prosesə 125 010 avro ayırır.
Həmçinin layihələrə Yunanıstanda Nea Messimvria interkonnektoru üçün İlkin Detallı Layihələndirmə (FEED) işləri da daxildir. Həmin layihəyə Aİ-nin maliyyə dəstəyi 243 250 avrodur. Ölçü və tənzimləyici stansiyası Yunanıstanın təbii qaz nəqli sisteminin tikilməkdə olan və Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə birləşməsinə kömək edəcək.
Maliyyələşdirmə üçün seçilmiş 9 təklifin 5-i qaz sektoruna (Aİ-nin maliyyə yardımının məbləği 210 milyon avro) və 4-ü elektrik sektoruna (53 milyon avro), 3 layihə tikinti işlərinə (236 milyon avro) və 6 layihə araşdırmalara (27 milyon avro) aiddir. Avropa Komissiyası iyulun sonunadək maliyyə yardımı alacaq təkliflərin siyahısını rəsmi olaraq qəbul edəcək.