ELM VƏ TƏHSİL


Avropa İttifaqı və Azərbaycan münasibətlərinə həsr olunmuş Jan Monne konfransı

Bakı, 11 may, AZƏRTAC

Xəzər Universitetinin siyasi elm və beynəlxalq münasibətlər kafedrası və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Günü ərəfəsində Jan Monne konfransı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Avropa İttifaqı və Azərbaycan münasibətlərinə həsr olunmuş tədbirdə Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı universitetin beynəlxalq əməkdaşlığının önəmini vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis Prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüssel səfərindən sonra Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli münasibətlərinin inkişaf etdiyini və Yeni Hərtərəfli Saziş üzrə danışıqlar aparılacağını söyləyib. O məlumat verib ki, danışıqlar üçün Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş ilkin sənədin layihəsi tərəflər arasında qarşılıqlı hörmət prinsiplərini əks etdirir. D.Daniilidis Avropa Parlamenti və Milli Məclis arasındakı əməkdaşlığın bərpa olunmasını da nəzərə çatdırıb.

Xarici İşlər Nazirliyinin Avropa İttifaqı üzrə əməkdaşlıq şöbəsinin müdiri Orxan Zeynalov təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərindən söhbət açıb. O, Cənub Qaz Dəhlizi üzrə irəliləyişləri vurğulayıb.

Saziş çərçivəsində sektorlar üzrə əməkdaşlıq üçün Əsas Vasitəçi vəzifəsinin icraçısı Orxan Zeynalov məlumat verib ki, ilk raundu 2017-ci il aprel ayının sonlarında Bakıda keçirilmiş danışıqlar konstruktiv xarakter daşıyıb və yeni sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üçün siyasi iradəni əks etdirib.

Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi üçün Avropa İttifaqı tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib. O, Xəzər Universitetinin beynəlxalq əməkdaşlıq layihələrində xüsusi fəallığını qeyd edib, ixtisaslar üzrə dövlət standartlarının yenidən işlənib hazırlanması istiqamətində yeni ekspertlərin cəlb olunmasının nəzərdə tutulduğunu bildirib.

Siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, Jan Monne Kürsüsü mükafatı laureatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə Avropa inteqrasiyasını əhatə edən fənlər və elmi işlər barədə iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, Jan Monne Avropa Seminarlar Seriyası da daxil olmaqla öz sahələrində nüfuz qazanmış ekspert, alim, tədqiqatçı və professorlar tərəfindən Avropa İttifaqı problemlərini Azərbaycan auditoriyası ilə müzakirə etmək üçün kafedra tərəfindən mütəmadi qaydada bir sıra tədbirlər təşkil olunur. M.Hacızadə Avropa İttifaqı və Azərbaycan cəmiyyətləri arasında anlaşmanın təşviq olunmasının önəmini və bu istiqamətdə görülən işləri xüsusi vurğulayıb. 2014-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişin vacibliyini qeyd edib. O, Avropa İttifaqının Azərbaycanda öz nüfuzunu və sülhpərvər niyyətlərini sistematik şəkildə artırmağın əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Avropa İttifaqının qonşuluğundakı bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda Avropa resurs və informasiya mərkəzləri yoxdur. M.Hacızadə daha çox təmaslara və keyfiyyətli kommunikasiyalara ehtiyac olduğunu xatırladıb.

Konfransdan sonra politologiya, beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə Trans Adriatik Boru Xətti üzrə əməkdaşlığın gərgin müzakirə edildiyi “Avropa Birliyinin Nazirlər Şurasının simulyasiyası” təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.