İQTİSADİYYAT


Avropa İttifaqı və Azərbaycanın enerji əlaqələri “Cənub Qaz Dəhlizi” layihəsi ilə daha da güclənəcək

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC 

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında enerji müstəvisində mövcud əməkdaşlıq əlaqələri “Cənub Qaz Dəhlizi” layihəsi ilə daha da güclənəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb. Görüşdə enerji əməkdaşlığının perspektivləri əsas müzakirə obyekti olub.

Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Malena Mard Aİ və Azərbaycan arasında enerji müstəvisində mövcud əməkdaşlıq əlaqələrinin “Cənub Qaz Dəhlizi” layihəsi ilə daha da güclənəcəyini deyib. O, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların başlanması üçün mandatın verildiyini qeyd edərək, enerji əməkdaşlığı sahəsində bu yeni sənəddən irəli gələn məsələlərin müəyyənləşdirilməsi və müzakirəsinin vacibliyini diqqətə çatdırıb.

Aİ ilə hərtərəfli, xüsusilə də enerji əməkdaşlığına dair danışıqlar prosesinin əhəmiyyətli olacağını vurğulayan N.Abbasov isə deyib ki, imzalanan hər bir sənəd ikitərəfli maraqları qorumaq şərti ilə əməkdaşlıq münasibətlərinin inkişafını təmin etməlidir. N.Abbasov Avropa bazarlarına çıxışın Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən olduğunu deyərək, bu istiqamətdə həyata keçirilən “Cənub” qaz dəhlizinin icrası ilə bağlı son vəziyyət barədə məlumatları, eləcə də Avropanın enerji təhlükəsizliyi aspektində görülən mühüm tədbirlərin dəyərləndirilməsini qonaqların diqqətinə çatdırıb.

Görüşdə Mərkəzi Asiya ölkələrinin “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulma perspektivləri, “Türk axını” layihəsinin “Cənub” qaz dəhlizinin genişləndirilməsinə mümkün təsirləri, İranla enerji əməkdaşlığı, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə potensialının artırılması və enerji səmərəliliyi ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin dünya enerji bazarında neftin qiymətinin kəskin düşməsi fonunda Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığını aradan qaldırmaq üçün reallaşdırılan intensiv tədbirlərdən və iqtisadiyyatın şaxələndirilməsi kursundan bəhs edilib. Mühüm tədbirlərdən biri kimi Azərbaycanda texnoparkların yaradıldığı və prosesin inkişafına impuls vermək üçün 7 il müddətinə vergi güzəştlərinin tətbiq edildiyi vurğulanaraq, Avropa şirkətləri bu sahədə iştiraka dəvət edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.