SİYASƏT
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri QHT-lərə Dövlət Dəstəyi Şurasında olub
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri səfir Malena Mard ilə görüş keçirilib.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Malena Mard görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün tərəflərin lazım olan səyləri göstərdiyini söyləyib. Səfir Azərbaycan nümayəndə heyətinin Riqa sammitində iştirakının və strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim etməsinin əlaqələrin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb. O, Şura sədrini Aİ-nin Azərbaycandakı nümayəndəliyinin elan etdiyi qrant müsabiqəsi haqqında da məlumatlandırıb və bu qurum ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.
Şura sədri Azay Quliyev ölkəmizin bir çox sahələrdə Aİ ilə yaxından əməkdaşlıq etdiyini və Azərbaycanın strateji tərəfdaşlıq haqqında təşəbbüsünün dəstəklənməsinin hər iki tərəfə faydalı olacağını vurğulayıb. Azay Quliyev Şuranın Aİ-nin yerli ofisi ilə birgə qrant müsabiqələrinin həyata keçirilməsi, regional QHT resurs və təlim mərkəzləri şəbəkəsinin genişləndirilməsi, QHT-lərin institusional inkişafı və digər istiqamətlərdə yaxından əməkdaşlığa hazır olduğunu qeyd edib. O, təəssüflə səfirin diqqətinə çatdırıb ki, Aİ və Avropa Parlamentində bəzi qüvvələr inkişafda olan əməkdaşlıq münasibətlərimizə əngəllər yaratmağa çalışırlar. Azərbaycana qarşı ikili standartlara söykənən mövqedən çıxış edilməsi, ədalətsiz və qərəzli qətnamələrin qəbul olunması, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı edilən hörmətsizlik ölkə ictimaiyyətini məyus etməklə yanaşı, münasibətlərin inkişafına da xələl gətirir.
Sonda vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı səslənən təkliflərin yaxından araşdırılması və mümkün təşəbbüslərin dəstəklənməsi haqqında razılıq əldə olunub.