ELM VƏ TƏHSİL
Avropa İttifaqının dəniz sərhədlərinə nəzarətin gücləndirilməsi üçün yeni texnologiyalar tətbiq olunacaq
Bakı, 4 iyul, AZƏRTAC
Kosmos texnologiyası üzrə italiyalı eskpertlər Aralıq dənizində nəzarətin gücləndirilməsi üçün xüsusi layihə təqdim ediblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliya Kosmos Agentliyi (İKA) tərəfindən reallaşdırılan “CLOSEYE” layihəsi Avropa İttifaqının xüsusilə cənub dəniz sərhədlərinə nəzarətin və fövqəladə hallara təcili müdaxilələrin daha təkmil həyata keçirilməsi üçün innovativ sistemin tətbiqini nəzərdə tutur.
Layihə çərçivəsində istifadə olunan “Cosmo SkyMed” yeri müşahidə sistemi hadisə yerindən şəkillər toplayır. “Athena-Fidus” peyki isə istənilən dəniz nəqliyyat vasitəsini tanımaq xüsusiyyətinə malikdir. Bu, xüsusilə qeyri-qanuni miqrasiya və məhsulların qanunsuz dövriyyəsi zamanı müdaxilə üçün yararlı ola bilər.
İKA-nın prezidenti Roberto Battiston layihənin önəmli nailiyyət olduğunu vurğulayıb. O, bildirib ki, Avropada miqrasiya sahəsində müşahidə olunan fövqəladə vəziyyətin xüsusi nəzarətə götürülməsi, bu istiqamətdə baş verən hadisələrə vaxtında müdaxilə edilməsi və profilaktik tədbirlərin həyata keçirilməsi üçün bu cür təkmilləşdirilmiş texnologiyanın istifadəsi vacibdir.