DÜNYA
Avropa İttifaqının əsas məsələlərindən biri miqrantlardır
Berlin, 15 dekabr, AZƏRTAC
Berlin sammitinin gündəliyinin bəlkə də ən başlıca bəndi qaçqınlar problemi hesab olunur, hərçənd Avropa İttifaqı ölkələrinin miqrant böhranının aradan qaldırılmasına razılaşdırılmış yanaşma işləyib hazırlamaqda acizliyi nəzərə alınsa, irəliləyişin tezliklə əldə ediləcəyinə ümid azdır.
Almaniya kansleri ötən ilin payızından həmkarlarını Aİ-də qüvvədə olan sığınacaq sistemində islahatlar aparmağa və miqrantların paylanması kvotaları barədə razılığa gəlməyə inandırmağa çalışır. Amma əbəs yerə. Şərqi Avropa ölkələri olan Macarıstan, Slovakiya, Çexiya və Polşa əvvəlki kimi miqrantları qəbul etməyə hazır deyillər. Bu da İtaliya və Yunanıstanda narazılığın artmasına səbəb olur. Axı qaçqın seli Aralıq dənizi ilə bu ölkələrin sahillərinə axışmaqdadır.
Bəzi Aİ ölkələri “çevik”, yaxud “səmərəli həmrəylik” ideyasını da könülsüz qəbul ediblər. Bu zaman kvotadan az qaçqın qəbul edən ölkələrin miqrasiya böhranının aradan qaldırılması, habelə Aİ-nin xarici sərhədlərinin mühafizəsi tədbirlərində onların maliyyə payını artırmağa razılaşması nəzərdə tutulur.
Aİ liderləri ortaq məxrəcə gələ biliblərmi və ümumiyyətlə buna nail ola biləcəklərmi? Çox tezliklə bu suallara aydınlıq gətiriləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin