REGİONLAR


Avropa İttifaqının nümayəndələri Mingəçevir Turizm Kollecinin fəaliyyəti ilə tanış olublar

A+ A

Mingəçevir, 30 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Avropa İttifaqının Əməkdaşlıq Şöbəsinin müdiri Yerun Villemsin rəhbərlik etdiyi nümayəndə heyəti əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün Mingəçevir Turizm Kollecində olub.

AZƏRTAC xəbər verir ki, avropalı qonaqlar əvvəlcə kollecin foyesində tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxıblar. Daha sonra qonaqlar ayrı-ayrı auditoriyalarla, informatika kabinetləri, linqafon otağı, elektron imtahan otaqları, laboratoriyalar və fənn komissiyalarının fəaliyyət ilə tanış olub, tədris prosesində iştirak ediblər.

Kollecin direktoru, professor Əyyub Əyyubov təhsil müəssisəsinin mövcud durumu və gələcək layihələri barədə avropalı qonaqlara ətraflı məlumatlar verib.

Sonra təhsil ocağının Heydər Əliyev ideoloji kabinetində Mingəçevir Turizm Kollecinin yaranma tarixi, 10 illik fəaliyyəti, ixtisasları, maddi-texniki bazası, tədris prosesi, məzunları və beynəlxalq əlaqələri barədə geniş məlumat əks etdirən film nümayiş etdirilib.

Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Yeron Villems kollecdə gördüklərindən və əldə etdiyi məlumatlardan məmnun qaldığını bildirib. O qeyd edib ki, təhsil ocağının böyük perspektivi var. “Aldığımız məlumatlardan və gördüklərimizdən sonra düşünürəm ki, beynəlxalq səviyyəli yeni əməkdaşlıq yollarını ətraflı şəkildə müzakirə etmək üçün yenidən bu təhsil ocağına təşrif buyuracağıq”, - deyə qonaq bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.