DÜNYA
Avropa İttifaqının sabiq komissarı Avropanı qınayıb və Türkiyəni dəstəkləyib
Berlin, 14 mart, AZƏRTAC
Almaniyanın ARD1 telekanalının verilişində Avropada Türkiyə əleyhinə müxalifət yaradılması təklif edilib. Bu zaman Avropa İttifaqının (Aİ) genişlənməsi və mehriban qonşuluq məsələləri üzrə sabiq komissarı Günter Ferxoygen Ankaranı müdafiə edərək deyib ki, Türkiyə ilə münasibətlərdə yaranmış böhranın səbəbkarı Avropadır.
Ferxoygen Avropanın siyasətinin səmimi olmadığını vurğulayaraq əks istiqamətdə hərəkət etməyin zəruri olduğunu bildirib.
Proqramın qonaqları olan bəzi deputatların “Biz türkiyəli nazirləri istəmirik” sözlərinə Ferxoygenin cavabı, KİV-lərin yazdığına görə, “şapalaq kimi” səslənib.
Almaniyalı siyasətçi bu ölkənin ərazisində 4 milyondan çox türk yaşadığını xatırladaraq bildirib ki, bu insanların türkiyəli siyasətçiləri dinləmək və onlardan məlumat almaq haqqı var.
Aİ-nin sabiq komissarı deyib: “Biz özümüzdən soruşmalıyıq – Almaniyada söz azadlığı varmı?”.
Ferxoygen Aİ-nin Türkiyəyə verdiyi vədinə əməl etmədiyini xatırladaraq vurğulayıb ki, indiki vəziyyətdə Türkiyə deyil, Avropa öz mövqeyini dəyişməlidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin