İDMAN
Avropa Klubları Kuboku uğrunda yarışların beşinci turunda “SOCAR Azerbijan”ın rəqibi “Obiettivo Risarcimento” klubu olacaq
AZƏRTAC xəbər verir ki, beşinci turda “SOCAR Azerbijan” klubu İtaliyanın “Obiettivo Risarcimento” klubu ilə oynayacaq, “Odlar Yurdu” isə “G-Team Novy Bor” komandası ilə qarşılaşacaq. Beşinci turun “SOCAR Azerbijan” - “Obiettivo Risarcimento” oyununda komandaların heyətləri belədir: Şəhriyar Məmmədyarov – Fabiano Karuana, Veselin Topalov – Hikaru Nakamura, Maykl Adams – Maksim Vaşye-Laqrav, Aniş Giri – Etyen Bakro, Teymur Rəcəbov – Loran Fressine, Anton Korobov – Kirill Georgiyev.
“Odlar Yurdu” – “G-Team Novy Bor” yarışmasında Emil Sutovski – Radoslav Voytaşek, Vasif Durarbəyli – David Navara, Rauf Məmmədov – Pentala Harikrişna, Qədir Hüseynov – Krişnan Saşikiran, Nicat Məmmədov – Mateuş Bartel və Vüqar Rəsulov – Zbinek Xraçek qarşılaşacaqlar.
Dörd turdan sonra 8 komanda xalı toplamış “SOCAR Azerbaijan” irəlidədir. “Obiettivo Risarcimento” (İtaliya), “Оdlar Yurdu”, “Ladya” və “Malakhite” komandaları (hər ikisi - Rusiya) bir xal geri qalırlar.
Kontinental klub çempionatı sentyabrın 14-dən 20-dək İspaniyanın Bilbao şəhərində keçirilir.