DÜNYA
Avropa Komissiyası Avropanın maraqlarını ABŞ sanksiyalarından qorumağa hazırıdır
Bakı, 26 iyul, AZƏRTAC
Avropa Komissiyası ABŞ-ın yeni sanksiyalarının onlara toxunacağı təqdirdə Avropanın maraqlarını müdafiə etmək üçün konkret tədbirlər görməyə hazırdır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının ABŞ-ın Rusiyaya qarşı sanksiyaları barədə yeni qanun layihəsinin müzakirəsinin nəticələrinə həsr olunan və iyulun 26-da dərc edilən bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qüvvəyə minəcəyi təqdirdə “Avropa İttifaqının enerji təhlükəsizliyi üçün vacib layihələrin reallaşmasına” mane ola bilər. “Sanksiyaların tətbiq edilməsindən asılı olaraq, onlar Ukraynanın qaz nəqliyyatı sistemini qidalandıran Rusiya ərazisindəki qaz kəmərlərinin modernizə edilməsi və xidmətlər də daxil olmaqla, enerji resurslarının daşınması layihələrinə, həmçinin təbii maye qaz üzrə Baltik terminalının tikintisi layihəsi də daxil olmaqla, enerji mənbələrinin diversifikasiyası üçün aparıcı layihələrə də toxuna bilər”, - deyə bəyanatda bildirilir.
Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans ABŞ sanksiyalarına qarşı cavab tədbirlərinin nədən ibarət ola biləcəyi barədə şərh verməyib.
Xatırladaq ki, ABŞ Konqresinin nümayəndələr palatası Rusiya, İran və KXDR-ə münasibətdə sanksiyaların sərtləşdirilməsi və Prezident Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanun layihəsini təsdiqləyib. Əgər layihə senat tərəfindən də qəbul edilərsə, prezident bundan sonra sanksiyaları yalnız konqresin icazəsi ilə yumşalda, yaxud ləğv edə bilər.