QAN YADDAŞI
Avropa Komissiyasında Benilüks Azərbaycanlıları Konqresinin Xocalı soyqırımı ilə bağlı müraciətinə baxılacaq
Amsterdam, 6 mart, AZƏRTAC
Benilüks ölkələrində Azərbaycan həqiqətləri ilə bağlı layihələri uğurla həyata keçirən Benilüks Azərbaycanlıları Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 13-də Avropa Parlamentinin, Avropa Komissiyasının və Avropa Şurasının sədrlərinə, müxtəlif beynəlxalq təşkilatlara, Niderland, Belçika və Lüksemburq parlamentlərinə ünvanladığı müraciətdə Xocalı soyqırımının tanınması, ermənilərin dinc xocalılılara qarşı törətdikləri vəhşiliklərə siyasi qiymət verilməsi və günahkarların ədalət məhkəməsi qarşısında cavab vermələri üçün əməli kömək göstərilməsi tələbini rəsmi şəkildə irəli sürmüşdülər.
Avropa Komissiyası baş idarəsinin rəhbəri BAK-ın onlara ünvanladığı müraciətə cavab məktubu göndərib. Məktubda Xocalı soyqırımı ilə bağlı Avropa təsisatlarına, o cümlədən Avropa Komissiyasına ünvanlanan müraciətə yaxın vaxtlarda qurumda baxılacağı diqqətə çatdırılır. Qeyd olunur ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Frederika Moqeriniyə BAK-ın Avropa institutlarına ünvanladığı müraciətə tezliklə baxılmasını tövsiyə edib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Amsterdam