İDMAN
Avropa Liqasının İstanbulda keçirilən 1/16 final oyunu tamaşaçıların sayına görə turnirin rekordunu təzələyib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 26-da UEFA Avropa Liqasının İstanbuldakı Atatürk adına Olimpiya Stadionunda keçirilən 1/16 final mərhələsi çərçivəsində yerli “Beşiktaş” və İngiltərənin “Liverpul” klubları arasındakı cavab görüşü tamaşaçıların sayına görə turnirin yeni rekordunu müəyyən edib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qalibin oyundan sonrakı penalti zərbələri ilə müəyyən edildiyi qarşılaşmanı stadionda canlı olaraq 63 324 tamaşaçı izləyib. UEFA-nın məlumatına görə, bu, tamaşaçı sayına görə Avropa Liqasının yeni rekordudur.
Oyuna gəlincə, “Beşiktaş” klubu matçın əsas vaxtında bir qol vuraraq ümumi hesabı bərabərləşdirməyə nail olub. Oyundan sonrakı penalti zərbələri nəticəsində məğlub olan “Liverpul” klubunun üzvü İstanbulun Olimpiya stadionundakı atmosferin indiyə qədər oynadığı oyunların hamısından möhtəşəm olduğunu etiraf edib.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin püşkü fevralın 27-də İsveçrənin Nyon şəhərində atılacaq.