İQTİSADİYYAT
Avropa Mərkəzi Bankı 500 avroluq əsginazların buraxılışını dayandırır
Vyana, 5 may, AZƏRTAC
Avropa Mərkəzi Bankı (AMB) Şurasının mayın 4-də qəbul edilmiş qərarına əsasən 2018-ci ilin sonunda 500 avroluq əsginazların tədavülə buraxılmasına son qoyulacaq.
Bankın qərarına görə, 100 və 200 avroluq əsginazlar 2018-ci ilin sonundan etibarən yeni dizaynda və daha böyük həcmdə dövriyyəyə buraxılacaq. Beş yüz avroluq əsginazların buraxılışı dayandırılsa da, onlar qeyri-məhdud müddətə ödəmə vasitəsi kimi istifadə oluna biləcək.
Bankın bu qərarı qəbul etməsinə əsas səbəb kimi qeyri-qanuni fəaliyyətlərin (transmilli cinayətkarlıq, terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması) qarşısının alınması göstərilir. Çoxdan idi ki, mütəxəssislər bənövşəyi əsginazların nəql və çəki rahatlığına görə daha çox kriminal dairələrdə populyar olmasını əsas gətirərək, bu əsginazların dövriyyədən çıxarılmasına çağırırdılar.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana