İDMAN
Avropa Olimpiya Komitəsinin prezidenti “Bakı-2015”ə hazırlığı yüksək qiymətləndirib
AZƏRTAC xəbər verir ki, səfər zamanı P.Hikkiyə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən hazırlıq işlərinin gedişi barədə məlumat verilib.
BEGOC-dan AZƏRTAC-a bildiriblər ki, AOK-un prezidenti səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avropa Oyunlarının rəsmi tərəfdaşı elan olunduğu tədbirdə iştirak edib. Patrik Hikki deyib: “Bakı-2015” komandası tərəfindən son aylarda əldə edilmiş belə əhəmiyyətli irəliləyişi görmək məni hədsiz dərəcədə ruhlandırdı. Bu, inkişaf etdirilmiş və təkmilləşdirilmiş idman proqramı barədə son məlumatları almaq üçün dəyərli imkan idi. Əminəm ki, “Bakı-2015” bütün dünya üzrə çoxnövlü idman yarışları standartını yaradacaq ilk Avropa Oyunlarının innovativ və mükəmməl surətdə keçirilməsi ilə bağlı gözləntilərimizi doğruldacaq. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqə və burada çalışan peşəkar komandaya mənə ayırdıqları vaxta və bir daha Azərbaycandakı qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm”.
Patrik Hikkinin səfərinin planlar barədə ən son məlumatların çatdırılması baxımından gözəl fürsət olduğunu vurğulayan Saymon Kleq deyib ki, işimizdəki irəliləyişlərlə bağlı AOK prezidentinin əminliyi bizi daha da həvəsləndirir. Biz Avropa Oyunlarına doğru irəlilədikcə onun fikirləri və tövsiyələri komandamızı bütün Avropanın fəxr edəcəyi idman tədbirinin keçirilməsinə ruhlandıracaq.
Patrik Hikki, həmçinin təşkilatın yeni baş ofisi və Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilə də tanış olub.
Qeyd edək ki, gələn il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə altı mindən artıq idmançı birincilik uğrunda mübarizə aparacaq. İdmanın doqquz növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq.
Avropa Oyunlarının keçirilməsi barədə qərar Avropa Olimpiya Komitəsinin (AOK) 2012-ci ilin dekabrında keçirilən iclasında qəbul olunub.