İQTİSADİYYAT
Avropa Oyunları ilə əlaqədar bu gündən Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir
Bakı, 29 may, AZƏRTAC
Birinci Avropa Oyunları ilə əlaqədar bu gündən Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir.
AZƏRTAC xəbər verir ki, mayın 29-da Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) ilk Avropa Oyunları ilə bağlı nəqliyyat məlumatlarının çatdırılmasına həsr olunan brifinq təşkil olunub.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) nəqliyyat idarəsinin nəqliyyat kommunikasiyası üzrə meneceri Afaq Hüseynli bildirib ki, Avropa Oyunları ilə bağlı nəqliyyat planı elə qurulub ki, hərəkətin əhalinin və şirkətlərin gündəlik fəaliyyətinə təsiri minimum olsun. Oyunların əsas marşrut şəbəkəsi təşkil edilərkən isə onların əsasən şəhərdən yan keçməsi planlaşdırılıb.
O qeyd edib ki, mayın 29-dan etibarən “Oyunların zolağı”na digər nəqliyyat vasitələrinin girişi qadağan edilib. Zolağa həm yol polisi, həm NİİM-in müşahidə kameraları vasitəsilə nəzarət olunur. Bu qaydanı pozanlar qanunauyğun şəkildə cərimə olunacaqlar.
A.Hüseynli bildirib ki, oyunların açılış və bağlanış mərasimləri günləri, məşəlin Bakıya gətirildiyi gün, yol yarışları zamanı bəzi yollarda hərəkətə məhdudiyyət qoyulması planlaşdırılacaq. “Biz çalışacağıq onların əhaliyə təsiri minimum olsun və əhali bu oyunlarda iştirak edə bilsin”, deyə A.Hüseynli bildirib.
O əhalini fərdi avtomobillərdən maksimim dərəcədə az istifadə etməyə və ictimai nəqliyyata üstünlük verməyə çağıraraq qeyd edib ki, metro hər gün saat 6-dan gecə saat 1-ə kimi, marşrut avtobusları və “ekspress” avtobuslar isə səhər saat 5-dən gecə saat 1-ə kimi fəaliyyət göstərəcək. Gələn həftədən etibarən yollardakı vəziyyət, nəqliyyatın hərəkəti və marşrutların dəyişdirilməsi barədə təsdiq edilən məlumatlar ictimaiyyətə operativ şəkildə çatdırılacaq. Səyahət planları quran şəxslər bu məlumatları mütləq izləyib onları nəzərə alsınlar.
BEGOC-un meneceri bildirib ki, yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılacaq. Bununla bağlı qadağalar iyunun 1-dən qüvvəyə minəcək. Bu zonalarda avtomobillərini yalnız xüsusi parklanma icazəsi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq mənzil-kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Ümumiyyətlə, xahiş olunur ki, bu günlərdə sürücülər qeyri-qanuni parkinq etməsinlər və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatla hərəkət etsinlər.
A.Hüseynlinin sözlərinə görə, Bakıya Avropa Oyunları ilə əlaqədar uzaqdan gələnlər avtomobillərini Mərkəzi parkda (Qış parkı) və Gənclik parkındakı dayanacaqlarda saxlaya bilərlər. Onlar üçün güzəştli tarif müəyyən edilib. Bunun üçün onlar cəmi 1 manat ödəməli olacaqlar. O əlavə edib ki, “ekspress” avtobusların xidmətindən akkreditasiya olunan və bileti olanlar pulsuz istifadə edə biləcəklər. Arenalardan bilet almaq istəyənlər də şəxsiyyət vəsiqəsini göstərməklə bu avtobusların xidmətindən pulsuz istifadə edə bilərlər.
BEGOC-un rəsmisi oyunlar zamanı yarışlara gələn tamaşaçılara müraciət edərək bildirib ki, arenalara nəyin gətirilməsinə icazə verildiyi və verilmədiyi barədə biletin arxasında məlumat yazılır. İdman arenalarında ciddi təhlükəsizlik tədbirləri görüləcək. Buna ciddi diqqət yetirsinlər. İcazə verilməyən əşyaları özləri ilə götürməsinlər.
NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı isə deyib ki, bu gündən etibarən şəhərdə avtomobillərini qeyri-qanuni parkinq edənlərin sərt şəkildə, heç bir güzəşt edilmədən cərimələnməsinə başlanılıb. O bildirib ki, qeyri-qanuni parkinq edənlər ciddi cəzalanacaqlar. Artıq bu işə başlanılıb, bu məsələdə heç kimə güzəşt edilməyəcək.
Ş.Mehmanqızının sözlərinə görə, oyunlar zamanı yollarda hər hansı problem yaranarsa, onlar dərhal aradan qaldırılacaq. Bütün aidiyyəti qurumların nümayəndələri hadisələri buradakı monitorlardan izləyirlər. Əgər oyunlar zamanı hər hansı qəza baş verərsə, onların dərhal aradan qaldırılması üçün tədbirlər görüləcək.
O, həmçinin qeyd edib ki, oyunlarla bağlı ərazidən asılı olaraq bəzi avtobusların hərəkət marşrutu dəyişdiriləcək, onlara alternativ yollar təklif ediləcək. Bütün bunlar barədə ictimaiyyətə operativ və ətraflı məlumat veriləcək. Bu məlumatları NİİM-in facebook və twitter səhifələrindən, internet saytından, “Avto FM” radiosundan, dayanacaqlardakı və yollardakı məlumat-informasiya tablolarından əldə edə bilərlər. Mobil telefonu olanlar “Baku İTS” proqramını yükləməklə onlayn qaydada xəbərdar ola bilərlər. Bundan başqa, NİİM “ANS TV” vasitəsilə tamaşaçıları gün ərzində 4 dəfə yollardakı vəziyyət barədə məlumatlandıracaq. Məlumatları göstərilən yollarla əldə edə bilməyənlər isə yaradılmış 141 "qaynar xətt" telefonuna zəng etməklə hara necə getməli lazım olduğu, alternativ yollar və sair barədə 24 saat ərzində ətraflı məlumat əldə edə bilərlər.