İQTİSADİYYAT
Avropa Oyunları zamanı nəqliyyatın hərəkətini izləmək üçün yeni məlumat-izləmə lövhələri quraşdırılıb
Bakı, 29 may, AZƏRTAC
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Bakı-2015” birinci Avropa Oyunları zamanı nəqliyyatın hərəkətini izləmək üçün şəhərin səkkiz hissəsində yeni məlumat-izləmə lövhələri və kameralar quraşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib. O, deyib ki, şəhər sakinləri, piyadalar, qonaqlar bu lövhələr vasitəsilə şəhərdə nəqliyyatın hərəkətini görə biləcəklər. Bununla yanaşı qeyd olunub ki, fərdi avtomobillərin maneəsiz hərəkəti üçün kateqoriyalara uyğun olaraq (məsələn, xarici giriş, Əməliyyat Komitəsi əməkdaşları və s.) xüsusi buraxılış vəsiqələrindən (wapp) istifadə olunacaq.
Həmin buraxılış vəsiqələri kodlaşdırılıb, onların köçürülməsi mümkün deyil. Bir vəsiqə ilə bir neçə avtomobil qeydiyyatdan keçə bilər.