İQTİSADİYYAT
Avropa Oyunlarının telekommunikasiya xidmətlərinə verdiyi töhfəyə görə "Bakcell" fəxri fərmanla təltif olunub
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti birinci Avropa Oyunlarının telekommunikasiya xidmətlərinə verdiyi töhfəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, "Bakcell" tərəfindən birinci Avropa Oyunlarının keçirildiyi oyun məkanları binadixili avadanlıqla təchiz olunub. Hazırlıq işləri çərçivəsində istifadəçilərə göstərilən xidmətin yüksək səviyyədə təşkil olunması məqsədilə əlavə olaraq 95 ədəd 2G/3G stansiyası və 20 ədəd 4G xidmətini dəstəkləyən stansiya quraşdırılıb. Yüksək şəbəkə keçiriciliyini təmin edən əlavə innovativ avadanlığın gətirilməsi nəticəsində "Bakcell" şəbəkəsi daha da gücləndirilərək Avropa Oyunlarının keçirildiyi bütün məkanlarda çoxlu sayda abunəçilərin yüksək keyfiyyətli səs və internet xidmətləri ilə təmin edib. Layihənin icra olunduğu müddətdə "Bakcell" digər təchizatçı şirkətlərlə birlikdə dövlət layihəsinin yüksək səviyyədə gerçəkləşdirilməsinə xidmət göstərib. Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 meqabit saniyə sürətini dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün "Bakcell" şəbəkəsini seçib.
Qeyd edək ki, "Bakcell" şirkəti Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında abunəçilərinə rouminqdə olarkən 4G xidmətini təqdim edən ilk və yeganə operatordur.