SİYASƏT


Avropa Parlamentinin komitə sədri: Azərbaycan Avropa üçün çox dəyərli tərəfdaşdır

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Avropa üçün çox dəyərli tərəfdaşdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister mayın 22-də Milli Məclisdə keçirilən brifinqdə deyib.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminin keçirildiyi gün Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Xarici Əlaqələr Komitəsinin sədri ölkəmizdə keçirdikləri görüşlərin önəmini qeyd edib.

Devid MakAlister qeyd edib ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir. “Azərbaycan dünyəvi ölkədir. Hesab edirik ki, Azərbaycan Avropa ilə müsəlman dünyası arasında körpü rolunu oynaya bilər. Biz mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu yüksək qiymətləndiririk və coğrafi baxımdan bu ölkənin əhəmiyyətini yaxşı anlayırıq. Azərbaycanla əməkdaşlığı və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlara dəstəyi gücləndirməliyik”, - deyə Avropa Parlamentinin komitə sədri vurğulayıb.

Devid MakAlister Avropa İttifaqı və Azərbaycan arasında imzalanacaq Sazişin hər iki tərəf üçün gözəl bir imkan olduğunu söyləyib. Bildirib ki, Avropa Parlamenti Sazişlə bağlı danışıqların aparılması prosesini yaxından izləyir. Danışıqlar kifayət qədər yaxşı gedir.

Komitə sədri deyib k, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Eyni zamanda, turizm, nəqliyyat və digər sahələrdə də əməkdaşlığı inkişaf etdirmək üçün imkanlar var.

Brifinqdə çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyinə, beynəlxalq hüququn aliliyini həyata keçirmək istiqamətində səylərini bir daha ortaya qoyduğuna görə təşəkkür edib. “Biz əməkdaşlıq, dialoq və qarşılıqlı hörmət əsasında bütün görüşləri keçirməyə hazırıq. Ermənistan və Azərbaycan arasında sülh platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq. Bu mesajı həm Avropa Parlamentində, həm təşkilatın buradakı nümayəndə heyəti ilə görüşlərdə, həm də başqa beynəlxalq təşkilatlarda səsləndiririk. Ancaq bu münasibətlər qarşılıqlı olmalıdır. Azərbaycan danışıqlara hazırdır. Qarşı tərəfin razılığının olması isə sual altındadır”.

Səməd Seyidov əmin olduğunu bildirib ki, açıq, sərbəst dialoq, bu şəkildə təşkil olunmuş komitələrarası münasibətlər həm Azərbaycan parlamenti ilə Avropa Parlamenti arasında münasibətləri yüksək səviyyəyə qaldıracaq, həm də Azərbaycanın ən ağır problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, eləcə də Azərbaycan multikulturalizminin bir nümunə kimi Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.