İQTİSADİYYAT
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 24 milyon tonadək yük daşınıb
Bakı, 12 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 23 milyon 884,0 min ton, yük dövriyyəsi isə 4 milyard 592,0 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 15 milyon 178,8 min tonu və ya 63,6 faizi avtomobil nəqliyyatı, 6 milyon 472,6 min tonu və ya 27,1 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 232,6 min tonu və ya 9,3 faizi dəniz nəqliyyatı ilə daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 9,0 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 19,6 faiz və 34,8 faiz) olub.
Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 3 milyon 567,6 min tonunu tranzit yüklər təşkil edib.
Bu ilin yanvar-iyun aylarında dəhliz vasitəsilə 164,6 milyon sərnişin daşınaraq, sərnişin dövriyyəsi 3 milyard 313,3 milyon sərnişin-kilometr olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,2 faiz artıb.