SİYASƏT
Avropa Şurası Parlament Assambleyasının yeni sədri seçilmişdir VİDEO
Strasburq, 27 yanvar (AZƏRTAC). Yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlamışdır. Sessiyanı aparan polşalı deputat Tadeuş İvinski qurumun payız sessiyasından ötən dövrdəki fəaliyyəti barədə qısa məlumat vermiş və fransalı deputat Jan-Klod Minyonun səlahiyyət müddəti bitdiyi üçün bu vəzifəyə yeni sədr və onun müavinlərinin seçkisinin günün ən mühüm hadisəsi olduğunu bildirmişdir.
İclasda sədr vəzifəsinə Lüksemburqdan və Böyük Britaniyadan olan deputatlar An Brassörün və Robert Valterin namizədliklərinin irəli sürüldüyü diqqətə çatdırılmış, seçkilərin gizli səsvermə yolu ilə keçirildiyi xatırlanmış və deputatlara səsvermə qaydaları izah edilmişdir.
An Brassör səs çoxluğu ilə AŞPA-nın yeni sədri vəzifəsinə seçilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq