SİYASƏT
Avropa Şurası və Azərbaycan arasında yüksələn xətlə inkişaf edən əməkdaşlığın daha bir təzahürü
Mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin iclasında hazırda Rafael Hüseynovun üzərində işlədiyi “Din azadlığı və dini təcrübələr” mövzusunda məruzə ətrafında dəvət edilmiş ekspertlərin iştirakı ilə geniş dinləmələr keçirilib. Diskussiyanı giriş sözü ilə açan R.Hüseynov sentyabrın əvvəlində Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü barədə məlumat verərək deyib: “Avropa Şurasının belə bir mötəbər tədbirinin Azərbaycanda keçirilməsi bir daha bu ölkənin qarşılıqlı anlaşma, tolerantlıq məkanı olmasının əyani təsdiqinə çevrildi. Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşlərinin tarixi 2007-ci ildən başlanır. İlk dəfə 2007-ci ilin aprel ayında San-Marinoda “Mədəniyyətlərarası dialoqun dini ölçüsü” adlı Avropa konfransı təşkil edilmişdi. Bundan sonra Avropa Şurasının Nazirlər Komitəsi 2008-ci ildə ilk dəfə eksperiment olaraq bu mövzuda tədbirin mübadilə görüşü formatında təşkil edilməsi barədə qərar qəbul etmişdi. 2010-cu ildən başlayaraq mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşləri Nazirlər Komitəsinə sədrlik edən dövlətlərdə təşkil olunur. Bu il Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Bakıda keçirilmiş mübadilə görüşünün mövzusu olaraq “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusu seçilmişdi. Tədbirdə dünyanın 18 ölkəsindən 99 ekspert, dinşünas, din xadimi və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri iştirak edirdi. Bakı toplantısında “Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini və qeyri-dini təşkilatların tolerantlığı: sosial kapital”, “Dinlərin və qeyri-dini inancların diskriminasiya, dözümsüzlük və zorakılığın bütün növləri ilə mübarizəyə töhfəsi”, “Dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurasının dəstəklədiyi universal dəyərlərə töhfəsi”, “Mübadilə görüşlərinin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfəsi: perspektivlər” və digər mühüm mövzular ətrafında səmərəli fikir mübadilələri aparıldı”.
Qeyd edək ki, həmin toplantıda deputat Rafael Hüseynov AŞPA sədrinin təmsilçisi olaraq müfəssəl məruzə ilə çıxış etmişdi.
AŞPA-nın komitə iclasında azərbaycanlı deputat hazırladığı məruzənin başlıca məqsəd və vəzifələri barədə dinləmədə iştirak edənlərə məlumat verdikdən sonra Avropa Ravinləri Konfransının icraçı direktoru Moşe Levin, Avropa Kilsələri Konfransının İnsan Hüquqları, Kilsə və Cəmiyyət Kommunikasiyaları Komissiyasının icraçı direktoru xanım Elizabeta Kitanoviç problemlə bağlı düşüncələrini bölüşüblər. Mövzunun aktuallığını və ona böyük marağı belə bir fakt da təsdiqləyir ki, digər komitə iclaslarından fərqli olaraq bu toplantıya bir çox din xadimləri və alimlər də fikir mübadilələrində iştirak etməkdən ötrü təşrif gətirmişdi.
Maraqlı keçən diskussiyalara yekun vuran deputat Rafael Hüseynov bildirib ki, hazırladığı məruzə ilə bağlı növbəti dinləmə Avropa Şurası tərəfindən mədəniyyət, elm, təhsil və media komitəsinin dekabr ayında Parisdə keçirilən iclasında təşkil olunacaq. Həmin toplantıda dəvətli qonaqların çevrəsi genişləndiriləcək, bu dəfə islam teoloqları və Avropa məscidlərinin təmsilçiləri də mövzu ilə bağlı mövqelərini ifadə edəcəklər. Azərbaycanlı deputatın Avropa Şurasının xüsusi önəm verdiyi problemlə bağlı aparıcı simalardan biri kimi seçilməsi bu mötəbər qurumun ölkəmizlə inkişaf edən səmərəli əməkdaşlığının daha bir təzahürüdür.
Əsgər Əliyev
AZƏRTACın xüsusi müxbiri
Strasburq