MƏDƏNİYYƏT
Avropa Şurasının Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu başa çatdı
Oktyabrın 31-də “JW Marriott Absheron Baku” otelində Avropa Şurasının (AŞ) Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumunun bağlanışı olub.
İkigünlük forum AŞ-ın Avropa Mədəni Marşrutlar İnstitutunun (Lüksemburq) və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilib.
Forumun ikinci günü seminarlar keçirilib.
Son seminarlarda bildirilib ki, müasir Avropa qitənin ölkələri arasında münaqişələr və müharibələr nəticəsində formalaşıb. Bu gün Avropanın sərhədləri sabitdir. Lakin münaqişələr və dünya arasında tarazlıq hələ də zəifdir. İnsan hüquqları, mədəni müxtəliflik, demokratiyanın və təhsilin təbliğ olunması bu tarazlığın qorunub saxlanılmasında xüsusi yer tutur.
Mədəni marşrutlar “hərb və sülhün” birgə tariximizə necə təsir göstərdiyini başa düşməyə, münasibətləri yenidən qurmağa kömək edir.
Plenar sessiyada seminarlara yekun vurulub. Bakı Bəyannaməsi qəbul edilib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva fəal iştirak etdiklərinə görə forum iştirakçılarına minnətdarlığını bildirib.
Forum iştirakçıları Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində və İçərişəhərdə olublar.