SİYASƏT
Avropa Şurasının baş katibi azərbaycanlı girovlarla bağlı vəziyyətin onu narahat etdiyini deyib
Strasburq, 21 aprel, AZƏRTAC
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı sualına cavabında bu məsələnin onu narahat etdiyini deyib.
Q.Paşayeva baş katib T.Yaqlandı azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb: “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkənin tanımadığı və rəsmi Yerevanın dəstəklədiyi rejim tərəfindən bir neçə ay əvvəl girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normalar pozularaq insanlıqdan kənar əməllər həyata keçirilib. Bu günə qədər bütün beynəlxalq çağırışlara baxmayaraq, onlar hələ də girov saxlanılırlar. Onların ailələri sizdən dəstək gözləyir və girovların azad olunması istiqamətində addımlar atmağa çağırırlar. Girovların azadlığa çıxması üçün baş katib kimi hansı addımlar ata bilərsiniz və hər hansı addım atmağı düşünürsünüzmü?
Baş katib suala cavabında deyib: “Qeyd etdiyiniz bu məsələ ilə bağlı vəziyyətin gedişini diqqətlə izləyirəm və bu problem məni xüsusilə narahat edir. Şəxsən mən bu məsələdə nə edə bilərəm? Mən indi bununla bağlı nə edə biləcəyimi sizə desəm, çox güman ki, bir nəticə verməz. Amma mən bir şeydə sizi əmin edə bilərəm ki, bu məsələni çox yaxından izləyirəm və vəziyyətin haradasa müsbət bir tərəfə dəyişməsinə çalışıram”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq