SİYASƏT
Avropa Şurasının nümayəndələri Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı islahatlar barədə məlumatlandırılıb
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ölkəmizdə səfərdə olan Avropa Şurasının nümayəndələri Ivan Koedjikov, Ildiko Nemet-Salaçz və qurumun Bakı ofisinin rəhbərinin müavini Joel Mermet ilə görüş keçirilib. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər.
Aparatın rəhbəri Aydın Səfixanlı Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, ombudsmanın fəaliyyəti, Avropa Şurası ilə insan hüquqları sahəsində qurulan səmərəli əməkdaşlıq, həyata keçirilən birgə layihələr barədə danışıb. O, Ombudsman təsisatının 15 illik fəaliyyəti dövründə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti, KİV və icmalarla əməkdaşlığın qurulduğunu, müvəkkilin regional mərkəzlərinin, şikayətlərə dərhal reaksiya verilməsi üçün “qaynar xətlər”in yaradıldığını, habelə müxtəlif sahələr üzrə ixtisaslaşan müşavirlərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Görüşdə Avropa Şurasının ölkə üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planının bir komponenti olaraq, ötən ilin sonundan icrasına başlanılan “Azərbaycanda penitensiar xidmətin islahatlarına dəstək” adlı layihəyə Ombudsman təsisatının da tərəfdaş qurum olaraq cəlb olunduğu bildirilib. Layihə üzrə əlaqələndirici qismində müvəkkilin nümayəndəsi təmsil olunmaqla penitensiar sistemdə idarəetmənin inkişafı və tibbi xidmətin peşəkarlığının artırılması istiqamətində işlər aparıldığı vurğulanılıb.
Söhbət zamanı ombudsmanın Avropa İttifaqının Twinning, TAIEX, Şərq Tərəfdaşlığı proqramlarında iştirakı, beynəlxalq əməkdaşlıq çərçivəsində BMT-nin işgəncələrin qarşısının alınması üzrə alt komitəsi, Avropa Şurasının işgəncələrə qarşı Avropa komitəsi, İşgəncələrin qarşısının alınması üzrə Assosiasiya ilə qarşılıqlı əməkdaşlıq etdiyi nəzərə çatdırılıb.