İQTİSADİYYAT


Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın növbəti konfransı Azərbaycanda keçiriləcək

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidentinin Azərbaycanda turizmin müxtəlif növlərinin yaradılması və təbliği ilə bağlı tapşırıqlarının icrası çərçivəsində sağlamlıq turizminin inkişafı məqsədilə tədbirlər həyata keçirilir. Azərbaycanın Qalaaltı kurort mərkəzi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyana üzv seçilməsi və üzvlük çərçivəsində məqsədyönlü fəaliyyət tədbirlərin tərkib hissəsindəndir.

İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Assambleyasında “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, qeyd olunan təşkilatın kuratoru Günel Aslanova da iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlərdən biri 2018-ci ildə assosiasiyanın baş konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla üç ölkədən birində keçirilməsinin səsə qoyulması olub. Eyni zamanda, konfrans çərçivəsində Azərbaycanın “Qalaaltı” müalicə istirahət kompleksinin təqdimatı keçirilərək qonaqlara bu kompleksin müalicə və termal suyunun əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın prezidenti Guiseppa Bellandi çıxış edərək Azərbaycanın konfransa qatılmağının əhəmiyyətindən söz açıb. G.Bellandi bu istiqamətdə əməkdaşlığın gələcəkdə də daha uğurlu olacağına ümid etdiyini bildirib. Konfransda səsvermə nəticəsində sözügedən mötəbər tədbirin 2018-ci ilin mayında Azərbaycanda- “Qalaaltı” kurort mərkəzində keçirilməsi qərara alınıb.

Həmçinin, konfransda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının yeni rəsmi kataloqunun təqdimatı keçirilərək nəşrin xəritəsinə ölkəmiz də əlavə olunub. Burada Azərbaycanın termal bölgəsi olan Qalaaltı kurort mərkəzi haqqında geniş məlumatlar və fotoşəkillər öz əksini tapıb. Bu kataloqun EHTTA tərəfindən cari ilin noyabrında Londonda keçiriləcək “WTM 2016” beynəlxalq turizm sərgisində paylanılması nəzərdə tutulub.

Qeyd edək ki, bu təşkilata 13 ölkədən olmaqla 36 şəhər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.