MƏDƏNİYYƏT
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası ekspertlərinin Azərbaycana səfəri davam edir
Bakı, 27 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) "Termal şəhərlər" beynəlxalq mədəni turizm marşrutuna Mədəniyyət və Turizm Nazirliyinin qoşulması ilə bağlı layihənin eksperti Mişel Tomas Pinet və Bursa vilayətinin vitse-qubernatoru Ahmet Hikmet Şahin ölkəmizdə səfərdədirlər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, xarici qonaqlar səfər müddətində Azərbaycanın termal sulara malik bir sıra bölgələrini ziyarət ediblər. Bölgələrdə olduqları zaman qonaqları layihənin koordinatoru, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova müşayiət edib. Masallıda olduqları zaman "İstisu" sanatoriyası, Yardımlı şəlaləsi, Masallının turizm infrastrukturu, Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi və tarix, mədəniyyət abidələrinə baxış keçirilib.
Daha sonra qonaqlar Qəbələnin termal turizm şəhəri kimi mövcud imkanlarını öyrəniblər. Qəbələdə olduqları müddətdə qonaqlar "Yengicə" termal sanatoriyası, 4 və 5 ulduzlu mehmanxanalarla, rayonda mövcud olan turizmin müxtəlif növləri ilə bağlı infrastrukturla tanış olublar. Bundan əlavə, Nic kəndində yerləşən Alban kilsəsi, Çuxur-Qəbələ kəndində yerləşən Arxeoloji Mərkəzə baxış keçiriblər.
Səfər çərçivəsində qonaqlar Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində iştirak edib və festivalın çox yüksək səviyyədə təşkil olunması haqqında fikirlərini bölüşüblər. Termal şəhərlər marşrutu çərçivəsində belə festivallara daha çox turistin cəlb olunmasının mümkünlüyünü bildiriblər.
Qeyd edək ki, ölkəmizdə termal turizmin imkanlarının tanıdılması baxımından assosiasiyanın eksperti Mişel Tomas Pinetin və Bursa vilayətinin vitse-qubernatoru Ahmet Hikmet Şahinin iyulun 28-də Şabran şəhərində yerləşən "Qala Altı" sanatoriyasına da səfərləri planlaşdırılır.