İQTİSADİYYAT
Avropa Yenidənqurma və İnkişaf Bankı TAP-ın tikintisinə maliyyə vəsaiti ayırmaq imkanlarına baxır
Bakı, 26 iyul, Nihad Budaqov, AZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisinə maliyyə vəsaiti ayırmaq imkanlarına baxır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AYİB-in prezidenti Suma Çakrabarti Albaniyanın Baş naziri Edi Rama ilə görüşündə səsləndirib. O bildirib ki, boru kəmərinin inşası layihəsi regionun enerji təhlükəsizliyinə yardım baxımından böyük maraq kəsb edir. AYİB 500 milyon avro birbaşa və 1 milyard avroyadək kommersiya banklarından sindikatlaşdırılmış maliyyə vəsaitinin ayrılması üçün danışıqlara başlayıb.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin (Southern Gas Corridor - SGC) tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Mayın sonlarına kimi layihə üzrə iş həcminin 19,5 faizi yerinə yetirilib və ümumilikdə 877 milyon avro həcmində sərmayə qoyulub. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).