DÜNYA
Avropa Yunanıstanda referendum ərəfəsində nəfəsini dərmir
Berlin, 2 iyul, AZƏRTAC
"Deutsche Welle" ("Alman dalğası") xəbər verir ki, Avroqrupun Afina ilə borc mübahisəsi ilə bağlı məsləhətləşmələri yalnız Yunanıstanda iyulun 5-nə təyin olunan referendumun yekunları açıqlanandan sonra bərpa olunacaq. Avrozona ölkələrinin maliyyə nazirlərinin iyulun 1-də keçirilən telefon konfransının iştirakçıları bu qənaətə gəliblər.
Slovakiya Maliyyə Nazirliyinin başçısı Peter Kajimir Twitterdəki mikrobloqunda bildirib ki, o və həmkarları "hər hansı danışıqlardan əvvəl Yunanıstanda referendumun nəticələrini gözləmək qərarında yekdildirlər".
Bundan əlavə, Brüsseldəki diplomatik dairələrin mənbələri dpa agentliyinə bildiriblər ki, Avroqrup Yunanıstan tərəfinin yeni təkliflərini "nəzərə alıb". Nazirlər, həmçinin təsdiq ediblər ki, Yunanıstana maliyyə yardımının ikinci proqramının iyulun 1-nə keçən gecə başa çatan fəaliyyət müddətinin vaxtı uzadılmayıb.
Avropa Şurasının sədri Donald Tusk Yunanıstanda referendum keçirilənə qədər danışıqların dayandırılmasına tərəfdar olduğunu bildirib. O, Twitterdə yazıb: "Avropa Yunanıstana yardım etmək istəyir. Amma kiməsə onun iradəsinin əksinə olaraq kömək etmək olmaz".
Avropa Şurası hesab edir ki, Afinaya kredit verənlərin təklifləri ilə bağlı iyulun 5-də Yunanıstanda təyin olunan referendum beynəlxalq normalara cavab vermir. Məsələn, yunan seçicilər səsverməyə çıxarılan məsələnin mahiyyəti barədə kifayət qədər məlumatlı deyillər. Bunu Strasburqda Avropa Şurasının baş katibinin rəsmi nümayəndəsi Turbörn Yaqland bəyan edib. Onun sözlərinə görə, belə tədbirlər barədə vaxtından azı iki həftə əvvəl elan etmək lazımdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin