QAN YADDAŞI
Avropa azərbaycanlıları 20 Yanvar faciəsi ilə əlaqədar Avropa ictimaiyyətinə müraciət ünvanlayıblar
Bakı, 23 yanvar, AZƏRTAC
Avropa Azərbaycanlıları Konqresinin (AAK) 20 Yanvar faciəsi ilə bağlı Avropa Parlamentinə, Almaniya əyalət parlamentlərinə göndərdiyi müraciətdə xalqımızın tarixinə “Qara Yanvar” kimi daxil olmuş hadisələr haqqında məlumat verilir və hər il faciə qurbanlarının ölkəmizdə, dünya azərbaycanlıları tərəfindən yad edildiyi bildirilir.
Diasporla iş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müraciətdə Azərbaycanın müstəqilliyinin bərpası uğrunda 1988-ci ildən 1990-cı ilə qədər aparılan mübarizə, sovet rejiminin amansız qəddarlıqla buna qarşı çıxması haqqında geniş məlumat verilir. Qeyd edilir ki, 1990-cı il yanvarın 19-da SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov tərəfindən Bakıya 66 minlik ordu göndərilib. Yanvarın 20-nə keçən gecə sovet ordusunun silahsız, dinc əhaliyə hücumu nəticəsində yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet rejiminin bütün cəhdlərinə baxmayaraq, 1991-ci il avqustun 31-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib və həmin il oktyabrın 18-də qüvvəyə minib. Bununla da Azərbaycan öz müstəqilliyinə nail olub.
Bundan başqa, yanvarın 19-da AAK–ın rəhbəri Samira Patzer-İsmailova Köln şəhərindəki Şərqi Avropa Forumunun direktoru xanım Valeri Hahn ilə görüşüb. Sovet ölkələrinin siyasi tarixi və müasir dövrdəki inkişafına dair araşdırmalar aparan bu Forum Şərq-Qərb münasibətləri mövzularına dair mühazirələr keçirir, tarixi həqiqətlərin açıqlanmasına yardım edir. Valeria Hahn söhbət əsnasında hadisələr haqqında ilk dəfə dəqiq və ətraflı məlumat aldığını etiraf edib, sənədlərlə tanış olaraq 20 Yanvar faciəsinə Avropa məkanında lazımi diqqət ayrılmadığını qeyd edib.
Görüşün sonunda Forumun direktoru gələcək fəaliyyətlərində 20 Yanvar mövzusunun tədbirlər proqramına daxil olunmasını təklif edib.