İDMAN
Avropa çempionatında uğurla çıxış edən basketbolçularımız mükafatlandırılıb
Bakı, 27 iyul, Elşad Qəzvini, AZƏRTAC
İyulun 27-də Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarının üzvləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurlardan danışıb. Vurğulayıb ki, ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, bu sahəyə göstərilən qayğı sayəsində idmançılarımız beynəlxalq arenalarda böyük uğurlar qazanırlar. Federasiya rəhbəri yeniyetmə basketbolçularımızı Avropa çempionatında qazandıqları tarixi nailiyyət münasibətilə təbrik edib.
Azərbaycanın oğlanlardan ibarət U-18 milli komandası San-Marinoda keçirilmiş qitə çempionatının “C” divizionunda birinci olub. On altı yaşadək basketbolçularımız isə Kiprdə təşkil edilən Avropa birinciliyinin finalında meydan sahiblərinə uduzaraq gümüş medallara layiq görülüblər. Basketbolçularımız Endər Poladxanlı və Papuna Kirtadze turnirin rəmzi komandasında yer alıblar.
Sonra basketbolçular federasiya rəhbərliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Daha sonra ölkədə idmanın bu növünün inkişafı, kütləviləşdirilməsi istiqamətində görülən fəaliyyət, eləcə də gələcək planlar haqqında müzakirələr aparılıb.