İDMAN
Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Martın 27-də futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində “C”, “E” və “G” qruplarında oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, “C” qrupunda mübarizə aparan Makedoniya millisi doğma meydanda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olub. Lüksemburq kollektivini qəbul edən Slovakiya komandası isə 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Hazırkı Avropa çempionu İspaniya doğma meydanda Ukraynaya minimal hesabla qalib gəlib - 1:0.
“E” qrupundakı oyunlar məhsuldarlığı ilə yadda qalıb. Belə ki, İngiltərə yığması Litva millisini 4:0, Sloveniya San-Marinonu 6:0, İsveçrə isə Estoniyanı 3:0 hesabı ilə darmadağın edib.
Seçmə mərhələnin “G” qrupunda Monteneqro-Rusiya qarşılaşması başa çatmayıb. Hər iki komandanın azarkeşlərinin dava etmələri və meydana kənar maddələr atılması ilə əlaqədar oyunun baş hakimi, türk əsilli almaniyalı referi Dəniz Aytəkin matçı yarımçıq saxlayıb.
Digər iki qarşılaşmada ev sahibləri qol üzünə həsrət qalıblar. Lixtenşteyn yığması Avstriya millisinə 0:5, Moldova komandası isə İsveç kollektivinə 0:2 hesabı ilə məğlub olub.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində digər qrupların oyunları martın 28-də davam edəcək.