CƏMİYYƏT
Avropa ölkələrinin səhiyyə nazirləri miqrantların peyvənd planını müzakirə edirlər
Bakı, 24 noyabr, AZƏRTAC
Romada Dünya Səhiyyə Təşkilatının (DST) himayəsi altında Avropaya gələn qaçqın və miqrantlara tibbi yardım göstərilməsinə dair yüksək səviyyəli müşavirə keçirilir.
AZƏRTAC BMT-nin İnformasiya mərkəzinə istinadla xəbər verir ki, müşavirə iştirakçıları – DST-nin Avropa regional bürosuna üzv olan ölkələrin səhiyyə nazirləri və yüksək vəzifəli nümayəndələri qaçqın və miqrantların tibbi xidmətlə təmin edilməsi məsələsini müzakirə edirlər. Kütləvi axınla əlaqədar yoluxucu xəstəliklərin yayılması riskinin artması, qaçqın və miqrantların peyvənd planı müşavirənin əsas müzakirə mövzusu olub.
Məlumat verilib ki, 2015-ci ildə 2 milyon qaçqın və miqrant Türkiyədə sığınacaq tapıb. Onların 700 mini isə Avropa ölkələrinə köç edib. Bu insanların təxminən 5 faizinin təcili tibbi yardıma ehtiyacı var. Avropaya axın edən qaçqın və miqrantlar yollarda xəsarət alır, əksəriyyəti diabet və hipertoniya, ürək-damar xəstəliklərindən əziyyət çəkir. Qaçqın və miqrantların arasında hamilə qadınlar da var. Bununla yanaşı, onların kütləvi şəkildə toplanması, su çatışmazlığı və qeyri-adekvat yaşayış şəraiti yoluxucu xəstəliklərin yayılması riskini artırır.
"Qaçqın və miqrantları qəbul edən ölkələrin səhiyyə sistemi ən çox yayılmış infeksion və qeyri-infeksion xəstəliklərə diaqnoz qoymaq və müalicə etmək üçün yaxşı hazırlanıb. Amma indi elə etməliyik ki, bütün ölkələr insanların kütləvi axını ilə bağlı əlavə yüklənməyə də hazır olsunlar", - deyə DST-nin Avropa regional bürosunun direktoru Jujanna Yakab bildirib.
Həkimlər hesab edirlər ki, ilk növbədə qaçqın və miqrantlar məxmərək və qızılcaya, poliomielitə qarşı peyvənd olunmalıdırlar.